Sonu bilinməyən, ağrılı-acılı Vətən həsrəti. Otuz iki il bundan əvvəl 1988-ci ilin soyuq payız günlərinin birində oz doğma yurdumuzu, dədə-baba torpaqlarımızı, isti ocağımızı məcburən - göz yaşıyla tərk etdik. O müdhiş gün – heç vaxt unuda bilmədiyim, bir an belə yadımdan çıxmayan o an...
Bir anlıq vahimə, qışqırıq səsləri kəndi necə ağuşuna aldısa, əlçatmaz hündür dağlarla əhatələnmiş qocaman kənd diksinib yuxudan ayıldı. Sanki dil açıb yalvararaq, göz yaşlarını qəlbinin dərinliyindən Araza uzanan bulanıq çaylara axıdaraq yalvarırdı:
“Hara gedirsiniz, bu el sizin deyilmi? Min bir əziyyətlə qurub-yaratdığınız varlığı neçün nankor yadların ixtiyarına verirsiniz?”
Mən elə bilirdim ki, müvəqqəti gedirik, tezliklə öz elimizə dönəcəyik, daha bilmədik...
Haraya, hansı səmtə gedəcəyimizi də dəqiq bilmədən, üz tutduq Zəngilan rayonuna. Mincivan qəsəbəsində Məmi müəllimin evində 50 nəfərdən çox insan yerləşmişdi. Heç inanmazdıq ki, beş ildən sonra bu rayonun əhalisi də sazaqlı payız günündə Arazı adlayıb paytaxta üz tutacaq. Bəli, inanmazdıq ki, 2020-ci ilin yenə payız günündə bizə bir köynək daha yaxın olan Zəngilan işğaldan azad ediləcək. (Sağ əlləri bizim başımıza.)
Ilin hansı fəslindən asılı olmayaraq, gün o gün olsun ki, biz də öz torpaqlarımıza geri dönək. Allahdan ümidimizi üzməyək, AMİN...
Elə hey düşünürəm, görən o illərə bir dönə biləcəyikmi?
Bağ-bağçada kol dibindən yenicə baş qaldıran boynubükük bənövşə Novruz xonçasını bəzəyəcəkmi?
Görən bir də bizi həsrətlə gözləyən, göz oxşayan yaylaqlara dönüb, baldırğanlı o buz bulaqların gözündən su içəcəyikmi?
Görən bir də yenə əvvəlki kimi bol bəhrəli payız çal-çağrına dönə biləcəyikmi?
Və nəhayət, qışda damlarda buz bağlayan sırsıralardan qoparıb xırtaxırtla yeyəndə uşaqlıq illərinə qayıda biləcəyikmi?
Daha nələr, nələr...
Bəli, hər şey əvvəlki kimi ola bilər, o uşaqlıq illərindən, bir də itirdiyimiz əzizlərimizdən başqa.
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə&
Ölməyə Vətən yaxşı.
Hələ kiçik yaşlarımdan eşitdiyim bu el bayatısının mənasını illər sonra öz vətənimdən didərgin düşəndə, Vətən üçün burnumun ucu göynəyəndə anladım. Vətən sevgisi, Vətən məhəbbəti əbədidir, nə qocalır, nə də tükənir.
Vətən sevdalı bu könlümün hələ də doğma yurda, isti ocağıma qayıdacığıma ümid qığılcımı sönməyib. İlk baxışda balaca görünən bu kənd mənim üçün sanki bir dünya, sonu bilinməyən kainatdır.
Göz yaşıyla yazdığım hər misramın özündə, kəndim, səni görürəm, əvvəli də, sonu da sənsən. Nə qədər gəzib dolaşsam da bu dünyanın dör bir yanını, tək səni görürəm, tək səni düşünürəm, elə son nəfəsdə də.
Nanə açar yenə can dəftərini,
Göz yaşıyla yazar qəm-dərdlərini.
Aşsa da dünyanın daş səddlərini,
Yenə son nəfəsdə Vətən arzular.