Aldərə kəndində fəaliyyət göstərən ilk mədrəsənin əsası hələ XlX əsrin sonlarında Mirbağır ağa tərəfindən qoyulmuşdur. Mirbağır ağa yüksək dini təhsilli ziyalı kimi ətraf bölgələrdə də hörmət qazanmış el ağsaqqallarından idi. O, Təbriz və Nəcəf şəhərində dini təhsil almış qardaşı oğlu Mirhaşım ağa ilə birlikdə mədrəsədə şagirdlərə dini və dünyəvi fənlərdən dərs verirdi.
1900-cü ildə Aldərə kəndində ilk dəfə rus-tatar məktəbi kəndin tanınmış bəylərindən olan Əsgər bəy Sərməstbəyovun təşəbbüsü ilə yaradılıb. Məktəb Mirhaşım ağaya məxsus evdə yerləşirdi. Məktəbin ilk müəllimləri Şuşadan gəlmiş Cavad bəy və Hüseyn bəy olmuşdur. Qriqori Akritov (yunan), Kapustinski (polyak), Seyidov, Hüseynov kimi müəllimlər öz fəaliyyətlərini 1917-ci ilin sonuna kimi davam etdirmişlər.
İlk ibtidai məktəbin yaradılması və fəaliyyət göstərməsi nəinki Aldərə kəndində, hətta ətraf kəndlərdə də təhsilin inkişafında yeni üfüqlər açdı. Məktəbdə, əsasən, varlıların və bəylərin uşaqları təhsil alırdılar. Bu məktəbin ilk məzunları təhsillərini davam etdirərək Müsavat Hökuməti dövründə Bakıda Polis rəisi işləmiş Məhəmməd bəy, Fərrux bəy, Moskvada hərbi məktəb bitirən Şahmar bəy, Peterburqda ali təhsil alan Səfərəli bəyi misal gətirə bilərik. Məktəbin ilk məzunlarından olan Həzrətqulu Əhmədov Bakı Dəmiryol Texnikumunun direktoru vəzifəsində çalışmışdır.
1917-ci il oktyabr hadisələri zamanı müəllimlər öz vətənlərinə qayıtdığından məktəb fəaliyyətini dayandırmışdır.
1918-ci ildə azərbaycanlılardan ibarət iki min nəfər əhalisi olan Aldərə kəndi erməni təcavüzünə məruz qalaraq, kənd sakinləri deportasiya olunmuşlar. 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinləri-sağ qalanlar 1922-ci ildən 1924-ci ilə qədər tarixi-etnik torpaqlarına qayıda bilmişlər. 1926-cı ildən etibarən Aldərə kəndində- Əli bəy Sərməstbəyovun evində ibtidai məktəbin fəaliyyəti yenidən bərpa edilmişdir. Məktəb 1928-ci ildən yeddillik, 1930-cu ildən isə tam orta məktəb kimi fəaliyyət göstərmişdir. 1939-cu ildə kənddə ilk məktəb binası tikilir, 1940-cı ildə isə Aldərə kənd məktəbində əlamətdar hadisə baş verir, belə ki, onillik məktəbin ilk buraxılışı olur. Meğri rayonun ərazisində ilk Azərbaycan dilində onuncu sinfi bitirənlər 23 nəfər olmuşdur. Təəssüf ki, aldərəlilərin sevinci uzun çəkmir. Böyük Vətən Müharibəsinin başlanması, müəllimlərin müharibəyə getməsi ilə əlaqədar olaraq, müəllim çatışmazlığı yaranır. Səkkizilliyi və onilliyi bitirən savadlı gənclər özlərindən aşağı siniflərdə dərs deməklə, məktəbdə tədrisin dayandırılmasına imkan vermirlər.
Beləliklə, 1967-ci ilə qədər Meğri rayonunda yeganə azərbaycanlı onillik məktəb Aldərə kəndində olmuşdur. Rayonun azərbaycanlılar yaşayan bütün kəndlərindən, hətta Zəngilan rayonunun bəzi kəndlərindən gələn gənclər, Aldərə kənd məktəbinin nəzdində hər cür şəraitlə təmin olunmuş internatda qalmaqla, təhsillərini davam etdirmişlər. 1988-ci ilin sonuna kimi internat fəaliyyətini davam etdirmişdir.
1942-ci ilə qədər Aldərə kənd məktəbində müəyyən fasilərlə direktor işləmiş Səfərəli Məhərləmov, Əli Mahmudov, Firudin Quliyev, Cəbrayıl Əsədov (müharibədən qayıtmayıblar) Qəşəm Yaqubov, Əkbər Cəlilov olmuşdur. 1942-1947-ci illər Hüseyn Səfərov, 1947-1955-ci illər Həsənqulu Hacıyev, 1955-ci ildən 1988-ci il noyabr ayının sonuna kimi məktəbə Səfərəli İbrahimov rəhbərlik etmişdir.
1955-ci ildə ikinci məktəb binası, Abbas Bağırovun təşəbbüsü ilə 1978-ci ildə əsası qoyulan ikimərtəbəli üç korpusdan ibarət üçüncü məktəb binası isə 1979-cu ildə istifadəyə verilmişdir.
1975-79-cu illərdə Aldərə məktəbində 15 sinifdə 350 şagirdin təlim-tərbiyəsi ilə 25-30 müəllim fəaliyyət göstərmişdir. Bu qədər müəllimi olan bir kənd məktəbində 4 nəfər- Həsənqulu Hacıyev, Həsən Məmmədov, Səfərəli İbrahimov, Bağır İbrahimov kimi “Əməkdar müəllim” fəxri adına layiq görülmüş təhsil işçisinin olması böyük qürurverici haldır.
Aldərə məktəbinin məzunlarından 37 nəfər şagird qızıl medala layiq görülmüşdür. 1963-cü ildə məktəbi bitirən 13 məzundan 12-si ali məktəbə qəbul olmuş, 4-ü qızıl, 3-ü isə gümüş medal almışdır. Qızıl medala layiq görülənlərdən biri də şair-dramaturq, görkəmli ictimai xadim Hidayət Orucovdur.
Aldərə kənd orta məktəbi 1957-ci ildən xalq şairi S. Vurğunun adını daşıyıb. 1986-cı il sentyabrın 25-də məktəbin önündə şairin büstünün açılışında bir sıra tanınmış şair və yazıçılarla yanaşı, şairin oğlu Yusif Səmədoğlu və qızı Aybəniz Vəkilova da bu tədbirdə iştirak etmişdilər.
1943-cü ildə Azərbaycanda ilk olaraq Sosialist Əməyi Qəhrəmanı adını almış, bir neçə dəfə Azərbaycan Ali Sovetinin deputatı, üç dəfə Lenin ordenli, adlı-sanlı maşinist Firudin Ağayev, 1955-1960-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri , 1966-cı ildən 1972-ci ilə qədər Azərbaycan Kinematoqrafiya Dövlət komitəsində sədr vəzifəsində işləmiş Məmməd Qurbanov, 1967-1979-ci illərdə Azərbaycan Dəmiryol idarəsi rəisi Abbas Bağırov və xeyriyyəçi Fərəc bəy Hüseynbəyovun adını böyük fəxrlə qeyd edə bilərik.
Aldərə kənd məktəbinin yetirmələri “İşıq” nəşriyyatının direktoru Fərhad Fərəcov, Gəncə təhsil şöbəsinin müdiri Şıxı Ələsgərov, texnika elmləri doktorları Əhməd Əhmədov, Avqust Hüseynov, Nazim İbrahimov, Elxan Məmmədhüseynov Azərbaycan Texniki Universitetində kafedra müdiri texnika elmləri doktoru, professor Səməd Hüseynov, Gəncə Dövlət Pedaqoji Universitetinin prorektoru, texnika elmləri doktoru, “Əməkdar müəllim” Fəxrəddin Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin professorları İsmayıl İsgəndərov, Ramazan İbrahimov, geologiya-minerologiya elmləri doktoru Səməndər Seyidov, filologiya üzrə fəlsəfə doktoru Ağaməli Həsənov, tibb üzrə fəlsəfə doktoru Əziz Məmmədov, tibb üzrə fəlsəfə doktoru, professor Sabir Hacıyev, tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini professor Cəbi Bəhramov, həmçinin 1957- ci ildə Ali məhkəmənin müavini işləmiş Sultan İmanov, hüquqşünas Əjdər Məmmədov, Moskva Hərbi-Siyasi Akademiyanın məzunu polkovnik Vəli Vəliyev, Azərbaycan Sənaye İnstitutunun hərbi kafedra müdiri polkovnik Fərəc Fərəcov, müstəntiq Mübariz Hacıyev, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləmiş polis polkovniki Nuşirəvan Səfərov, hakim Qafil Baxşıyev, vəkil Loğman Abdullayev, polkovnik Həsən Əzizov, polkovnik hərbi həkimlər: Məhəmməd Əliyev, Qeyibqulu Həsənov, Şəhriyar Muxtarov, Kitay Quliyev və Rövşən Abdullayevi misal gətirə bilərik.
1950-ci ildən başlayaraq ilk dəfə Aldərə kənd məktəbindən ali təhsil alan qadınlardan Nəsibə Muxtarova Bakı Yüngül Sənaye texnikumunda müəllim işləmişdir. İlk dəfə olaraq həkim, müəllim və başqa sənətə yiyələnmiş qadınlardan Sofiya Qaraxanova, Süsən Mahmudova, Lətifə Hacıyeva , Vəzifə Əhmədova, Şükufə Quliyeva, yazıçı, publisist “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, polkovnik-leytenant Arzu Heydərova və tibb üzrə fəlsəfə doktoru Zinyət Muradovanı nümünə gətirə bilərik.
Bununla da Aldərə kənd məktəbi uğurlu fəaliyyətini 1988-ci ilin sonuna qədər davam etdirmiş, daim öz birinciliyini qoruyub saxlamışdır.
Əlbəttə, əldə edilən bu uğurlarda Aldərə kənd məktəbinin pedaqoji kollektivinin peşəkar bacarığı danılmazdır. Həsənqulu Hacıyev, Abasqulu Quliyev, Səfərəli İbrahimov, Həsən Məmmədov, Bağır İbrahimov, Əli Qasımov, Əbdüləli Məmmədov, Qərib Hüseynov, İman Məmmədov, Şirindil Qasımov, Ənvər Vəliyev, Qulu Mahmudov, Rüstəm Cəfərov, Zaman Məmmədov, Zaman Fərəcov, Kərim Kərimov, Rəsul Yusifov, Zakir Quliyev, Səfərəli Məmmədov və Hənifə İbrahimova kimi müəllimlərimizin adını qürur hissi ilə qeyd edə bilərik.
Pedaqoji kollektivdən bəziləri o vaxtlar Naxçıvan və İrəvan Pedaqoji İnstitutunu , əksəriyyəti isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişlər.
Hal-hazırda Aldərə alimlərinin yazdıqları elmi məqalələr və monoqrafiyalar dünyanın bir çox aparıcı jurnallarında çap olunur.
Aldərə ziyalıları təkcə elm, təhsil sahəsində deyil, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və yenidən qurulmasında da fəal iştirak edirlər. Aldərə kəndinin insanları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, I və II Qarabağ müharibəsində fəal iştirak edərək qəhrəmanlıq göstərib, müxtəlif medallarla təltif olunmuşlar.
2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışında iştirak etmiş və şıxışında demişdir: “Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız , onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Bütün Qərbi Azərbaycanlılar kimi, Aldərə kəndi və onun vətənpərvər insanları bü günü səbirsizliklə gözləyirlər.
Aldərə kənd məktəbi 1955 - 1988-ci illərdə direktoru
Səfərəli Cəfər oğlu İbrahimov
Səfərəli Cəfər oğlu İbrahimov 1931-ci ildə Zəngəzur mahalı Mığrı rayonunun Aldərə kəndində anadan olmuşdur. 1947-ci ildə Aldərə kənd məktəbini bitirmiş və 1948-ci ildə Gəncə Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu başa vurduqdan sonra 1953-1954-cü illərdə Ağdam rayonunun Qərvənd kəndində dil və ədəbiyyat müəllimi kimi çalışmışdır. 1954-cü ildə kəndə qəyıtmış və Mığrı Rayon Partiya Komitəsinin təklifi ilə Aldərə kənd orta məktəbinə direktor təyin edilmişdir. O, 1955-ci ildən 1988-ci ilə qədər fasiləsiz olaraq Aldərə kənd orta məktəbinə rəhbərlik etmişdir.
1967-ci ildə göstərdiyi xidmətə və əməyinə görə dövlət tərəfindən dəyərləndirilmiş və Respublikanın Əməkdar müəllimi adına layiq görülmüşdür. 1988-ci ildə kəndi məcburi tərk etdikdən sonra Bakıya gəlmiş və burada məskunlaşmışdır. Həmin ildə Binəqədi rayon Qaçqınlar Komitəsinin sədri vəzifəsində işləmişdir. 1998-ci ildən 2004-cü ilədək Binəqədi rayon Təhsil İdarəsinin müavini vəzifəsində çalışmışdır. 2010-cu ildə dünyaını dəyişmişdir.
Aldərə kənd orta məktəbində direktor işlədiyi zaman onun əməyi nəticəsində məktəb həmişə rayon üzrə öndə gedən təhsil ocaqlarından biri olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə təhsil sistemində çox ciddi uğurlar əldə edilmişdir. Bunu təmin edən əsas amillərdən biri Səfərəli müəllimin məktəbdə ciddi nizam-intizam qaydaları yaratması, tələbkarlığı artırması və səmimi bir kollektiv formalaşdıra bilməsi idi. Bu uğurların əldə edilməsində təbii ki, orada çalışan müəllimlərin də rolu böyük idi. Yüksək biliyə malik, daima öz üzərində çalışan müəllim kadrları əldə edilən uğurlara dərindən töhfə vermişdir.
Məktəbdə oxuyan şağirdlərin təhsilə olan həvəsi də danılmaz idi. Bu təhsil ocağını adi bir məktəb yox, akademiya adlandırmaq daha münasib olardı. Aldərə kənd məktəbinin təməli 1900-cü ildə qoyulmuş və rus-tatar məktəbi kimi fəaliyyətə başlamışdır. Zamanla məktəbdə güclü təhsil sistemi yaradılmış və rayonun mütərəqqi məktəblərindən birinə çevrilmişdir.
1955-1988-ci illər ərzində məktəbi bitirmiş məzunlardan 37 nəfəri qızıl medala, bəziləri də gümüş medala layiq görülmüşdür. Bu, məktəbdə təhsil sisteminin yüksək səviyyədə olmasının göstəricisi idi. Məzunların instituta daxil olma faizinin yüksəkliyi təhsilin keyfiyyətini təsdiqləyirdi. Misal üçün, 1962/1963-cü il buraxılışında 13 şağird məzun olmuş, onlardan 12-si instituta daxil olmuş, 3 nəfər qızıl medala layiq görülmüşdür.
Bu təhsilin səviyyəsinin yüksək olduğunu bir daha sübut edirdi. Məzunları ilə qürur duyan məktəb rəhbərliyi tərəfindən instituta daxil olan şağirdlər üçün şərəf lövhəsi yaradılmış və onların şəkilləri burada yer almışdır.
Hazırladı: Şəhrud Bayram oğlu