Ölkəmizin müstəqilliyi bərpa olunandan sonra tariximizin dərindən öyrənilməsi, milli yaddaşımızın bərpası, milli-mənəvi dəyərlərimizə qayıdış, olub-keçmiş proseslərin təhlili və gələcəyimizə aparan düzgün istiqamətimizin müəyyənləşməsi üçün münbit şərait yaranmışdır. Müstəqil düşüncə, müstəqil fikir yalnız demokratik müstəqil ölkədə mövcud ola bilər. Fərdlərin müstəqil, sərbəst düşüncəsi, söz azadlığı bütün cəmiyyətin sərbəst düşüncəsidir və cəmiyyət sərbəst düşündükcə tarix kifayət qədər düzgün aşkarlanır, yaşanan günlər dəyərli olur, lap başlıcası – cəmiyyət və xalqın istiqbalı təkzibedilməz arqumentlər əsasında formalaşır və istiqamətlənir, bu istiqamət, bu yol müstəqilliyimizin əbədiliyinə aparır.
Dünya tarixində neçə müharibə olub, dəqiq sayı bilinmir. Məlumdur kı, yüzdən çoxdur. Bəs soyqırımları necə hesablasan – üçdən-dörddən o yana keçmir. Və ən ağır, ən dəhşətli soyqırımlardan biri, şübhəsiz, iki əsrə yaxın vaxt ərzində ermənilərin törətdikləri vəhşiliklərlə üzləşməyimizdir. Bu acı həqiqətlər də müstəqilliyimiz bərpa olunandan sonra aşkarlanmağa başladı və tariximizə hopdurulmuş qanlı səhifələrin açıqlanmasında ölkə prezidentimiz Heydər Əliyevin “1948-1952-ci illərdə azərbaycanlıların Ermənistan SSR-dəkı tarixi-etnik torpaqlarından deportasiyası haqqında” 18 dekabr 1997-ci il və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları öz tarixi missiyasını yerinə yetirməkdədir.
Hər iki sənəd xalqımızın deportasiya və soyqırımı tarixinin açıqlanması, bu tükürpədici antibəşəri hərəkətə siyasi qiymət verilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində müstəsna əhəmiyyətə malikdir. Məhz bu sənədlər imzalanandan sonra təxminən iki əsri əhatə edən dəhşətli qırğınları, köçürülmələri, fiziki və mənəvi repressiyaları əks etdirən kitablar yazıldı və yazılır, tədbirlər keçirilir, deportasiya və soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilir. Ötən əsrin sonlarında imzalanmış bu fərmanlar həm də XXI əsrdə öz fəaliyyətini istiqamətləndirən tarixi sənədlərdir.
İnkar edilməyən həqiqətdir ki, soyqırımı müəyyən etnik qrupun, tayfa və qəbilələrin, hətta millət və xalqın kökünü kəsmək məqsədilə insanların insanlara qarşı törətdikləri ən ağır cinayət, həm də dövlət siyasətidir. Azərbaycanın müxtəlif bölgələrində törədilmiş qırğınlar barədə son vaxtlar kitablar, məqalələr yazılır, televiziya-radio verilişləri hazırlanır və bu materiallarla tanış olduqca məlum olur ki, Qərbi Azərbaycanın ucqar kəndlərindən başlamış Bakıyacan ötən iki yüz ilin müxtəlif mərhələlərində törədilmiş qırğınlar, deportasiyalar bir nöqtədən idarə olunmuş və bir məqsədə qulluq etmişdir: Onlar soydaşlarımızın öz tarixi-etnik torpaqlarından qovulmasına və türksüz Ermənistan yaradılmasına çalışmışlar.
Bu müsibətlərin hərtərəfli öyrənilməsi və açıqlanması üçün Ümumazərbaycan konteksində yazılmış kitablarla yanaşı, ayrı-ayrı bölgələrin tarixinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan qədim oğuz yurdu Meğri barədə çap olunan bu kitabı, şübhəsiz, oxucular maraqla qarşılayacaqlar.
Zəngəzur mahalının Meğri bölgəsi 1918-ci ilədək Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzasında mahal olmuşdur. 1918-ci ildə ermənilər Zəngəzurun çox hissəsini, o cümlədən Meğrini işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər əsasən Aşağı Zəngəzura pənah gətirmişlər.
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti elan olunandan sonra əvvəllər daşnakların zəbt etdikləri Azərbaycan torpaqları kimi Meğri də nədənsə “qeyd-şərtsiz” Ermənistana daxil edilmişdir. 1930-cu il sentyabrın 9-da Meğriyə rayon statusu verildi. Meğri şimaldan Qafan rayonu ilə, qərbdən Azərbaycan Respublikasının Naxçıvan MR-ın Ordubad rayonu ilə, şərqdən Zəngilan rayonu ilə, cənubdan isə İranla həmsərhəddir. Onun ümumi sahəsi 664 kv.km-dir.
Qədim Mığrı Azərbaycan türk tayfasının adıdır – Mığır. Danışıqda Mığrı olub –ı saitilə r samiti yerlərini dəyişərək Meğri formasını alıb. Mənim uşaqlıq illərimdə həm yerli əhali, həm də qonşu naxçıvanlılar, zəngilanlılar və qafanlılar bu rayona Mığrı deyirdilər. XX əsrin iyirminci ilinədək istər ədəbiyyatda, istərsə də arxiv sənədlərində “Mığrı” işlənib. Sovet hakimiyyəti elan olunandan sonra rəsmi söhbətlərdə, mətbuatda “Meğri” deyilməyə başlanıb. (“Meğer” ermənicə “bal” deməkdir. Mığrı balıyla Zəngəzurun başqa bölgələrindən fərqlənmir. Buradan da görünür ki, “Mığrı”nın “Meğri”yə çevrilməsinin əsası yoxdur, qondarmadır.) Ötən əsrin sonlarından Azərbaycan mətbuatında “Mehri” deyilməyə başlandı. Göründüyü kimi, bunun da əsası yoxdur – toponimin tarixi kökünə qayıtmaq istəyəndə yenə onu təhrif edirik, bəzən tarixi adları bərpa etmək, azərbaycanlaşdırmaq əvəzinə farslaşdırırıq.
Toponimin əsl adı nə “Meğri”dir, nə də “Mehri”. Mığrıdır! O, qədim Azərbayca türkünün adıdır.
İndiki Mığrı rayonunun ərazisində hələ daş dövründən başlayaraq insan yaşamış və məskunlaşmışdır. 428-ci ildə Sünikin digər əyalətləri ilə birlikdə Mığrının ərazisi İranın hökmranlığı altında olmuşdur. 640-cı ildə ərəblər tərəfindən işğal edilmişdir. 886-cı ildə Mığrının indiki ərazisi Baqratilərin hakimiyyətində idi. XII-XIII yüzilliklərdə Səlcuq türklərinin hakimiyyətinə keçmişdir. Sonra rayonun ərazisi monqol-tatarların, türkmən tayfalarının və Səfəvilərin hökmranlığı altında olmuşdur. 1730-cu ildə rayonun ərazisini türk qoşunları tutmuşlar. 1735-ci ildə isə Nadir şah rayonun ərazisini işğal etmişdir. 1801-ci ildə Mığrı rayonunun ərazisi birləşdirilmişdir. 1828-ci ildə Qarabağ vilayətinə (1822-ci ildə yaranmışdır) daxil olmuşdur. Mığrı Sovet hakimiyyəti qurulandan 1930-cu ilədək (inzibati rayon yarananadək) Mığrı qəzası olmuşdur. Bu qısa tarixi məlumat Ermənistan Sovet Ensiklopediyasında öz əksini tapmışdır. Lakin Zəngəzur heç vaxt erməni torpağı olmayıb. Erməni Sovet Ensiklopediyasında Zəngəzurun zorla Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi məsələsinin üzərindən sükutla keçilir (çoxu aşkar edilmişdir).
Ermənistanda Sovet hakimiyyəti qurulan kimi, yəni 1920-ci ilin 1 dekabrında Zəngəzurun digər torpaqları kimi, Meğri rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilmişdir. Rus dilində tərtib olunmuş sənədin Azərbaycan dilində tərcüməsi: Zaqafqaziya Sovet Sosialist Federativ Respublikası Fəhlə, Kəndli, Qızıl Ordu və Matros Deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il iclasının 3 №-li protokolu Sədrlik edirdi: Çxakaya M. yoldaş. İştirak edirdilər: Zaqafqaziya MİK Prezidiumunun üzvləri: Bünyatzadə, Bağırov M., Dolidze A., STRUA V., Tağıycv İ., Şaverdova A., Yakubov yoldaşlar. Zaqafqaziya MİK Prezidiumu üzvlüyünə namizədlər: Cavaxaşvili A., Torikaşvili E. yoldaşlar. Zaqafqaziya MSİ-dən RJxadze A. yoldaş, Zaqafqaziya İcraiyyə Komitəsindən Şerenç yoldaş. Zaqafqaziya MİK Prezidenti katibliyinin müdiri Babayev Q. yoldaş. Zaqafqaziya MİK təşkilat şöbəsinin müdiri Melikov F. yoldaş. Z,aq. MİK təşkilat şöbəsinin təlimatçısı Ələkbərov yoldaş. Məsləhətçi: Kaçixaşvili İ. yoldaş. Eşidildi: Nüvədi, Ernəzir və Tuqut kəndlərini Cəbrayıl ASSR qəzasından Ermənistan SSR-ə aid edilməsi haqqında. Qərara alındı: Göstərilmiş üç kənd öz torpaqları ilə Erm. SSR Mığrı qəzasının inzibati idarə etməsinə verilsin. Həmin sənədə 26 noyabr 1968-ci ildə Az. KPMK-nin bürosunda baxılıb. Az. SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə qanunlaşdırılıb Zəngilan rayonunun tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistandan azərbaycanlılar qovulmağa başlayanda nüvədililər respublika rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmışlar.
XX əsrin əvvəllərində Meğri rayonunda 23 azərbaycanlı kəndi olmuşdur. 1918-20-ci illərdə daşnak silahlı dəstələrinin hücumuna məruz qalmış azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, kənd əhalisi qəddarlıqla qətlə yetirilmişdir. Meğri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubi Azərbaycana qaçmış, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüşlər. Sovet hakimiyyəti illərində Meğri rayonundakı azərbaycanlı kəndlərindən doqquzu ləğv edilmiş, yaxud erməniləşmişdir (Buğakar, Vahravar, Düzqışlaq, Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).
1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təşkil etdiyi halda, 1988-ci ildə Meğri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi, Nüvədi) mövcud olmuşdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar kimi, Meğri rayonunun azərbaycanlı əhalisi də öz tarixi yurdlarından vəhşicəsinə qovulub çıxarılmıŞlar. Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq, 1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər. Ermənistan SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühasirə şəraitində qalmasına baxmayaraq, erməni-rus silahına qarşı mərdliklə mübarizə aparmışdır.
Meğri rayonunun kəndləri haqqında məlumatlar Əhmədəli Əliyevin "Azərbaycan dilinin Meğri Şivələri" adlı kitabı və kitaba ön söz yazmış şair Hidayətin "Mığrı" məqaləsi əsasında hazırlanmışdır.Həmin kitabda müəllif Meğri rayonunun ərazisindəki türk mənşəli toponimləri ətraflı şəkildə şərh edərək, tutarlı dəlillərlə göstərir ki, Meğri ərazisindəki Araz çayı sahili boyunca 38 topomorfantın və Qafan-Meğri sərhəddi boyunca yerləşən topomorfantın hamısı təmiz Azərbaycan türkcəsindədir: Narlıq Şamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, Kəfşən, Gen dərə, Lələ daşı, Aldərə çayı, Gəray suyu, Siçan piri, Pulovlu dağ, Qırçıvan düzü, Şah Abbas karvansarası, Şükrətaz, Qanlı ağac, Dolu vuran, Daşağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik, Huralay, Kəlbəçay yurdu, Çiçək zəmi, Göl çeşmə, Qandallı çeşmə, Ataman, Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s.