Mığrı (Meğri) rayonunun görkəmli şəxsləri

Hidayət Xuduş oğlu Orucov

Hidayət Xuduş oğlu Orucov - 5 sentyabr 1944 - Qərbi Azərbaycanın Mığrı (Meğri) rayonununun Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984). Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir.

Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir.

Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanmışdır.Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.

Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunmuşdur.Pyesləri hal-hazırda Azərbaycanda və xaircə böyük teatrların səhnələrində uğurla oynanılır.1 avqust 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləmişdir. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir.

25 iyul 2006-cı ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 31 may 2012-ci ildə həmin vəzifədən azad edilmişdir. Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 6 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb

Əli Sultan oğlu Məmmədov

Əli Sultan oğlu Məmmədov – 1908- iyul 1973, Zəngəzur qəzası (Mığrı (Meğri)) rayonu,Maralzəmi – erkən yaşlarından əmək fəaliyyətinə başlamış, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda müstəqil şəkildə təhsilini artırmışdır.

Əli Məmmədov 1927-ci ildən bir sıra məsul vəzifələrdə işləmişdir. O, Mığrı (Meğri) rayonunun Lök (Vartanidzor) kənd sovetinin sədri, Nüvədi kəndində kolxoz sədri, Meğri Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan Kommunist Partiyası Meğri Rayon Komitəsinin ikinci katibi olmuşdur.

1946-cı ildə Əli Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi seçilmiş, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq 1950-ci ildə bu vəzifədən azad edilərək Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə isə oxumağa göndərilməsi adı ilə bu vəzifədən azad edilmişdir.

Əli Məmmədov 1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.

Firudin Qulu oğlu Ağayev

Firudin Qulu oğlu Ağayev (19 fevral 1898, Qərbi Azərbaycan,Mığrı (Meğri), Aldərə, Zəngəzur qəzası – 19 fevral 1958, Bakı) Firudin (rusdilli sənədlərdə adı əsasən Fridun (Фридун) yazılırdı) 1898-ci il fevralın 19-da Zəngəzur qəzasının Aldərə kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra heç bir təhsili olmayan Firudin Bakıya üz tutur. Öz xatirələrindən məlumdur ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışmışdır . Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, " parovozlara vurulmuş" və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlamışdır .

Gəncin texnikaya olan marağı nəticəsində onun maşinist köməkçisi təyin edirlər. Özü üzərində çalışan Firudin 22 yaşında yazıb oxumağı öyrənmiş, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlamışdır. Dövrün reallıqlarını dərk edən gənc 1924-cü ildə Azərbaycan Kommunist Partiyasına üzv olmuş, sonra isə Tiflisdə parovoz maşinistləri kurslarını əla qiymətlərlə bitirmişdir. Firudin Qulu oğlu Ağayev 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.Qeyd etmək lazımdır ki, Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevlə bağlı materiallar həyat yoldaşı Mehdiyeva Ballı Cəfər qızının təşəbbüsü ilə ailə üzvləri tərəfindən 1964-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.1898-ci ildə anadan olan Firudin hələ 13 yaşında Bakının neft mədənlərində işləməyə başlayır.

1922-ci ildə o, ixtisasını dəyişərək Depo qazanxanasına işə düzəlir. Gərgin zəhməti və əməksevərliyi nəticəsində tezliklə maşinist köməkçisi vəzifəsinə yüksəlir. Böyük Vətən müharibəsi başlayarkən isə F.Ağayev artıq xətlərə yeni buraxılmış sürətli, paravozları idarə edirdi. O, öz sahəsi üzrə yeni olan hər şeyi dərhal mənimsəyir və tətbiq edirdi. Tiflis maşinist kursları onun bitirdiyi yeganə təhsil müəsisəsi olmuşdur. Bakıya qayıdandan sonra parovoz maşinisti işləməyə başlayan Firudin rəhbərliyin diqqətini özünə cəlb etmişdir. Belə ki, o, nəinki öz parovozunu əla vəziyyətdə saxlayır, hətta digər maşinistlərə kömək edərək texniki nazaslıqların aradan qaldırlmasında iştirak edirdi. İşlətdiyi texnikanı ən mükəmməl şəkildə öyrənən gənc maşinist yeni çəkilən dəmir yollarında mövcud olan problemli, qəza ehtimalını artıran sahələri göstərir, problemin mövcudluğunu texnkini dəlillərlə sübut edirdi. Beləliklə, onun köməyi ilə 30-dan artıq potensial qəza halları aradan qaldırılmışdır.

1929-cu ildən maşinist F.Ağayevə Azərbaycandakı dəmir yollarının ən ağır sahələrində işləmək, özü də bu sahələrdən sərnişin qatarlarını keçirmək həvalə olunur. O, nəinki bu işin öhdəsindən məharətlə gəlmiş, hətta bir sıra səmərələşdirici təkliflər vermişdir. Təkliflərdən biri rəhbərliyin diqqətini xüsusilə cəlb etmişdir. F.Ağayev göstərirdi ki, depolarda təmir briqadaları çatışmır və parovozlarda ən kiçik nasazlıq baş verəndə uzun müddət hərəkətsiz qalır, təmir üçün növbəyə dayanırlar. Bu həm iqtisadiyyata ziyan vurur (sərnişin və yükdaşınmalarda fasilələr əmələ gəlirdi), həm də maşinist və qatar heyətlərinin maaşlarına mənfi təsir göstərirdi. Təklif ondan ibarət idi ki, parovoz briqadalarının təcrübəli, bilikli işçilərindən ibarət təmir qrupları təşkil edilsin, parovozların xırda və orta təmirlərini onlar həyata keçirsinlər, keyfiyyətli təmirə görə maaş alsınlar. Təklif həm sadə zəhmətkeşlər, həm də rəhbərlik tərəfindən bəyənildiyindən qısa müddət əzrində müvafiq inzibati-təşkilati işlər aparılmışdır.

1943-cü ilin ağrılı-acılı günlərində o, həmkarı Vedernikov ilə birgə paravozların təmir edilməsi üçün xüsusi cədvəl tərtib etmişdi. Həmin illər Bakı Deposunda "Ağayevin qrafiki" ifadəsi deyimi çox məşhur idi. 1941-ci ildə dəmiryolunun Bakı bölməsinin 207 əməkdaşı planı 200% yerinə yetirdilər. Tədricən belə işçilərin sayı artdığından müəssisələr də planı artıqlaması ilə yerinə yetirirdilər. İş proseslərini sürətləndirən ən qabaqcıl üsullar tətbiq olunurdu. Maşinistlər optimal rejimləri seçərək qatarların sürətlərinin artırılmasına vəyanacağın qənaətinə nail olmuşdular. Maşınıst F.Ağayevin briqadası parovozu 75 min km təmirsiz istismar edərək 21 t yanacağa qənaət etmişdir.

Bakı – Qudermez (Şimali Qafqazda döyüşlər onun yaxınlığında gedirdi) istiqamətində qatarların istismarı maşinistlərdən xüsusi bilik, bacarıq və rəşadət tələb edirdi. Belə ki, reyslərin birində açıq platformalarda tank və toplar daşıdığı zaman Ağayevin qatarı düşmən təyyarələrinin həmləsinə məruz qalır. Sürəti artırıb- azaltmaqla, kəskin şəkildə havaya çoxlu buxar buraxmaqla, yenidən sürətlə hərəkət etməklə maşinist qatarı zərbə altından çıxarıb cəbhəyə çatdırmağa nail oldu.Müharibə dövründə Qafqazın ən iri hərbi-nəqliyyat qovşağı olan Bakı-Biləcəri dəmir yolu qovşağına böyük ağırlıq düşmüşdür. Biləcəri stansiyasında sutkada 970 vaqon doldurulub- boşaldılırdı.

Azərbaycan lend-lizin Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah və sursat daşınırdı. Həmçinin dəmir yolları ilə strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları da daşınırdı. Ümumilikdə, 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları olan sisternlər, 700 min vaqon yük göndərilimişdir. SSRİ-nin işğal olunmuş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin Qafqaza, Mərkəzi Asiyaya köçürülməsində Azərbaycan dəmir yolları vacib rol oynamışlar. Canlı qüvvənin cəbhə bölgəsinə, işğal olunmuş ərazilərdən təxliyə olunmuş qaçqınların ölkənin dərinliklərinə daşınmasında da dəmir yollarının rolu böyük olmuşdur.

Təsadüfi deyil ki, Bakı sərnişin vağzalı 1943, 1944 və 1945-ci illərdə SSRİ Yollar Nazirliyinin keçici Qırmızı Bayrağına layiq görülmüşdür. Azərbaycan dəmiryolçuları təkcə Azərbaycan SSR ərazisində deyil, həm də Təbriz- Culfa marşrutu üzrə işləyirdilər.1943-cü il aprelin 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə dəmir yollarında hərbi vəziyyət elan olundu. Qərara əsasən, dəmir yollarının bütün fəhlə və qulluqçuları müharibənin sonuna qədər dəmir yollarında işə səfərbər olunmuş hesab edilirdilər. Firudin Ağayev 4000 ton yükü olan qatarları birdəfəyə aparan ilk maşinistlərdən olmuşdur. Onun yetirmələri olan maşinistlər Bünyadzadə, Qasımov, Andreyev, Hüseynov Zaqfqaziya üzrə yanacağın aylıq qənaət rekordunu qoymuşdular.

F.Ağayevin tərtib etdiyi parovozların təmirinin xüsusi qrafikində ən xırda elementlər belə nəzərdə tutulmuşdur. Bu, parovozlara cari texniki xidmət göstərməyə, onları təmirə dayandırmadan işlətməyə imkan vermişdir. Düşmən aviasiyasının bombardmanları altında qatarı manevrlərlə idarə etməyin qaydalarını tərtib edən Ağayev neçə- neçə eşelonu xilas etmişir. Qocaman maşinist özü dəfələrlə 4000 ton yük olan qatarları cəbhə xəttinə çatdırmışdır.1945-ci il mayında müharibə antifaşist ölkələrin qələbəsilə nəticələndi. Müharibə illərində Azərbaycan dəmir yolları müəssisələrinin göstərdiyi fədakarlıq və rəşadət SSRİ rəhbərliyinin nəzərindən qaçmamışdır. Respublikanın o dövrdəki rəhbəri Mir Cəfər Bağırov yaranmış şəraitdən istifadə edərək Azərbaycan dəmir yollarının Zaqafqaziya dəmir yolları tərkibindən çıxarılması təklifini irəli sürdü. Nəticədə SSRİ Dövlət Müdafiə Komitəsinin 1945-ci il 6 iyul tarixli əmrinə əsasən Azərbaycan dəmir yolları Zaqafqaziya dəmir yolu tərkibindən çıxarıldı.

SSRİ Xalq Yollar Komissarlığının 1945-ci il 28 iyul tarixli, 647/9 saylı əmri ilə Azərbaycan dəmir yolları müstəqil qurum kimi təşkil edildi.Müharibə illərində bütün texnika və avadanlıq, demək olar ki, sıradan çıxmışdı. Yeni texnika və avadanlıq ümumiyyətlə istehsal olunmur, əsaslı təmir aparılmır, ehtiyat hissələri, relslər, şpallar çatışmırdı.F.Ağayev Bakı şəhər zəhmətkeş deputatları Sovetinin deputatı, üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur.

1951-ci ildə təqaüdə çıxana qədər Bakı dəmiryolu deposunda baş maşinist kimi çalışan F.Ağayevin adı 5 noyabr 1957-ci ildə Azərbaycan dəmir yolları Şöhrət Kitabına salınmışdır.İşlədiyi qatarları vaxtı-vaxtında və qəzasız mənzilə çatdrıması, istərsə də texnikanı əla vəziyyətdə saxlaması və bu baxımdan digər maşinistlərə kömək etməsinə görə 1934-cü ildə "Stalin zərbəçisi" nişanına, 1935-ci ilin mart ayında ona "1-ci dərəcəli maşinist" dərəcəsi verildi. 1943-cü ildə 118 nömrəli "Qızıl Ulduz" və 16249 nömrəli Lenin ordeninə layiq görülmüşdü.

Təlimatçı-maşinist Firudin Qulu oğlu Ağayev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 5 noyabr 1943-cü il tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Müharibənin sonunadək əzmkarlıqla çalışan F.Ağayev 18 sentyabr 1944-cü il tarixində "Qafqazın müdafiəsinə görə medal" ilə təltif edilmişdir. 1945-ci ildə 36 dəmiryolçu orden və medallarla, 116 nəfər SSRİ Xalq Yollar Komisarlığının fəxri nişanları ilə təltif edilmişdir.

11 avqust 1945-ci ildə SSRİ Xalq Yollar komissarı tərəfindən maşinist- təlimatçı F.Ağayevə "Fəxri dəmiryolçu" nişanı verilmişdir. 25 yanvar 1946-cı il tarixində F.Ağayev "Böyük Vətən müharibəsində şərəfli və fədakar əməyə görə" medalı ilə təltif olunmuşdu. 1949-cu ildə "Əməkdə fərqlənməyə görə" ("За трудовое отличие") medalı ilə təltif edildi. Həmin ildə o, SSRİ Yollar Nazirliyi tərəfindən "Əla parovozçu" nişanına layiq görülmüşdü.1943-cü ilin noyabr ayında isə F.Ağayev Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü

İsrafil Süleyman oğlu Məmmədov

İsrafil Süleyman oğlu Məmmədov - (8 noyabr 1927, Zəngəzur qəzası, Mığrı (Meğri), Əmrəkar– 25 iyun 2019, Bakı) — nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmlər namizədi (1972), Ermənistan SSR əməkdar jurnalisti (1971), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib.

1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti — "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir.

1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Erməniostan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü medafiə komitəsinin Mərkəzi Şurasının üzvü olmuşdur.

1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmaçı, Milli Münasibətlər İnstitutunda işləyir. AMEA-nın Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib. 1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri olub. 1957-ci ildən ədəbi yaradıcılığa başlamış publisitin hekayə, oçerk, publisist yazıları dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunur.

Rus və ermənicədən Azərbaycan dilinə çevirdiyi A. Gelmanın "Tək-təkinə hamı ilə", "Aləmlə üz-üzə" Yucin Onilin "Qarağaclar altında məhəbbət", P. Pançevin "Əkizlər", Ə. Əbubəkrin "Şuburumda dava-dalaş", Q. Sundukyanın "Daha bir qurban", Q. Boryan "Bir damın altında" səhnə əsərləri öz dilimizə çevrilmiş, bəziləri C. Cabbarlı adına İrəvan Dövlət Teatrında tamaşaya qoyulmuşdur.

Azərbaycanlıların yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifi olan nasirin "Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb.

Azərbaycanlıların soyqırımı haqqında Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib.

İsrafil Sami oğlu Hüseynov

İsrafil Sami oğlu Hüseynov - (Qərbi Azərbaycan,Mığrı(Meğri)-4 dekabr 1931- yanvar 1986, Bakı) — görkəmli neftçi, qazma ustası. Əmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. , Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı (1972), "Azərbaycan neft ustası", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir

İsrafil Sami oğlu Hüseynov fəhlə, texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir. İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.

İ.Hüseynovun briqadasının yenilikçi qazmaçıları ilk dəfə olaraq qazma işində boru-sütun boru baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilmiş rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsini yüksəltməyə nail olmuşdur. Görkəmli qazma ustasının adı ilə Xəzərdə yeni neft rayonunun mənimsənilməsi bağlıdır.

Məhz burada Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda İsrafil Hüseynovun briqadası uğurla ilk quyuları qazmışdır. Hazırda fəaliyyətdə olan 28 May adına yatağın işlənməsinin əsasını İ.Hüseynovun briqadası qoymuşdur.

Paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar