ALDƏRƏ KƏNDİNİN ADƏT-ƏNƏNƏLƏRİ

Aydındır ki , hər elin , obanın adət - ənənələri həmin yerə aid xalqa məxsusdur . Lakin , orada azərbaycanlıların ermənilərlə yanaşı yaşamasının Aldərə kəndinin adət - ənənəsinə müəyyən təsirləri vardır . Bu məsələlərlə əlaqədar bəzi faktlar gətirmək olar .

Kəndin adət - ənənələri dedikdə , ilk növbədə yas , toy , bayramların keçirilməsi və qohum - qonşular arasında münasibətlər nəzərdə tutulur . Yas mərasimləri ilə əlaqedar aşağıdakıları qeyd etmək olar . Yadıma gələni XX əsrin ortalarında kənddə mollalar az idi . Ona görə də yas mərasimləri nisbətən müxtəsər keçirdi . Lakin , uç mərasimləri və cümə axşamları lazımi səviyyədə olurdu , yəni ehsanlar verilirdi .

Cümələrdə xərc verilməsi hamı tərəfindən bir mənalı qəbul edilmirdi . Bu , bir tərəfdən iqtisadiyyatla , digər tərəfdən kənd camaatının cümə axşamları dağdan , bağdan yəni , işdən tez qayıtmaları ilə bağlı idi . Ağsaqqallar vaxtaşırı cümələrdə ehsan verilməməsini təklif edirdilər . Lakin bunu başqaları qəbul etmirdi .

Bu məsələ ilə əlaqədar belə bir söhbəti yada salmaq maraqlıdır . Bir kəndçinin yaşlı atası on beş ilə qədər yataq xəstəsi olur . Oğlu ona yüksək səviyyədə qulluq edir . Ağsaqqallar ona deyirdilər ki , sən atana bu cür qulluq etmisən , bu bütün ehsanları əvəz edə bilər . Razılaş səndən başlayıb cümə ehsanlarını yüngülləşdirək . Məsələ mübahisəli olur , belə bir fikir formalaşır ki , cümələrə uzaq yerdən , yəni qonşu kəndlərdən , şəhərdən gələnlər üçün yemək verilsin , qalanları isə çay mərasimi ilə kifayətlənsin .

Aldərəlilərin qaçqınlıq dövründəki yas mərasimlərinin də xarakterik cəhətləri vardır . Burada əsasən üç və qırx günlərində xərc verilir . Bu mərasimlərə xüsusi hazırlıqlar görülür . Adət üzrə məclisin axırında hamı kömək borcunu yerinə yetirir . Mərasim zalından çıxan Aldərəlilər 30-40 dəqiqə bayırda bir - biriləri ilə görüşür , hal - əhval tuturlar .

Belə mərasimlərdən birində mənimlə iştirak edən qonşum məndən soruşdu :

Aldərə kəndinin adət-ənənələri

- Qardaş , sizin kəndçilərinizdə bu nə adətdir , yasdan çıxanlar hamısı yəni arvadlı , kişili bir - biriləri ilə yenidən görüşür və öpüşürlər .

Mən ona cavab verdim ki ,

Qonşu, bu onların Aldərə həsrətinin təzahürüdür. Başqalarına bunu arzulamıram.

Aldərəlilərin nigahla əlaqədar adətlərinin ana xətti qalsa da bu prosesin ayrı-ayrı mərhələlərində qismən dəyişikliklər olmuşdur. Əksər hallarda qohumluğun bünövrəsi məsləhətlərlə başlayır. Məsləhətlərdən sonra qız tərəfinə xəbər gedir. Müsbət fikirlər eşitdikdə 3-4 nəfərdən ibarət nümayəndə təşrif buyurur. Bu hazırlıqlardan sonra nişan rəsmiləşməsi olur. Nişanla toy arasında bayramlar olduqda əlavə qeyd etmələr olur.

Aldərəlilər üçün ən əziz bayram Novruz bayramıdır. Bu bayramı nişanlılar arasında aşağıdakı kimi qeyd edirlər. Oğlan tərəfin qohumları xonça düzəldirlər. Xonçada adətən yeddi adda şirniyyat yaxud meyvə quruları, əsasən üzüm qurusu (buna yemiş deyirdilər) ayrı-ayrı nəlbəkilərdə xonçaya cəmləşdirilirdi. Buna yeddi ləvin deyirdilər. Oğlan evinə yığışmış on, on beş qız, gəlin həmin xonçaları başlarına alaraq sıraya düzülürdülər və qız evinə yollanırdılar. Evlər arasında məsafə 1-1,5 km olurdu. Beləliklə, yeddi ləvin aparılması xüsusi tamaşaya çevrilirdi.

Bir dəfə yeddi ləvin aparanların Rafik Manuçaryan tərəfindən şəkillərinin çəkildiyini gördüm. Mən uşaq idim. Yanımdakı ağsaqqaldan soruşdum ki, nə üçün o erməni şəkilləri çəkir. O, məsələyə belə aydınlıq gətirdi: "Ermənilər Novruz bayramını dini bayram sayırlar. O bayramı keçirənlərə dinçi damğası vururlar. Yəni yeddi ləvin mərasiminə aid adamlar arasında kommunist varsa onun məsələsinə baxa bilərlər." Yəni, Ermənistanda yaşayan azərbaycanlılar üçün belə problemlər çox idi.

Beləliklə, Novruz bayramında yeddi ləvin şənliyi aşağıdakı kimi yekunlaşırdı: Oğlan evindən gələnləri qız evinə yığışmış qohumlar qarşılayırdı. Həmin qohumların hərəsi bir xonçanı qəbul edirdi. Xonçalar boş qaytarılmırdı, onlara cavab olaraq paylar (köynək, dəsmal, corab və s.) qoyulurdu.

Nigahın növbəti mərhələsi toyla bağlı idi. Toyların əsas xərcləri oğlan tərəfə düşürdü. Keçən əsrin ortalarında Aldərədə toylar adətən 3 sutka olurdu. Toycular (zurna, dəmkeş və nağara) adətən Qafan və Cəbrayıl rayonlarından dəvət olunurdular. Toyun bir günü qız evində, digər iki günü isə oğlan evində olurdu.

Oğlan evindəki toyun bir günü xüsusi ilə maraqlı keçirdi. Həmin gün Xan bəzədilməsi və yallı səhnələri maraqlı idi. Bir orta yaşlı kişini xana uyğun geyindirirdilər və onu meydanda bəzədilmiş bir ağacın yanında "taxtda" oturdurdular. Xanın iki nəfər əmrləri yerinə yetirənləri (milislər) olurdu. Xan əmr verirdi ki, filankəsi hüzuruma gətirin. Ola bilər ki, həmin adam (adətən qohumlardan olurdu) bağda yaxud başqa yerdədir. Xanın milisləri onları tapıb gətirməli idi. Xan o şəxsi ya cərimə edirdi, ya da cəzalandırırdı. Bu proses 2-3 saat davam edirdi. Sonra üsyan səhnəsi olurdu, xan taxtdan salınırdı. Əlbəttə ki, bu adət o zamankı sosioloji vəziyyətlə əlaqədar idi.

Aldərə kəndinin adət-ənənələri

Sonra yallı mərasimi başlayırdı. İki dəstə, hərəsi 10-15 nəfərdən ibarət cavan və ya orta yaşlı kişilər əl-ələ tutaraq musiqinin sədaları altında yallı oynayırdılar. Hər dəstənin başında bir nəfər idarə edən olurdu və onun da əlində şülək olurdu. Oynayanlardan hər hansı biri musiqiyə uyğun oynamayanda, başda gedən ona şülək vururdu. Sonra oynaya-oynaya başda gedən cibindən müxtəlif şeylər, məsələn, dəsmal, meyvələr və s. çıxarıb başı üzərində oynayırdı. O birilər də həmin əşyanı çıxarıb oynatmalı idilər. Çıxara bilməyən şüləklə cəzalanırdı. Bu mərasim də bir saata qədər davam edirdi. Mərasimin axırında başçı toydakı uşaqlardan (8-9 yaşlı) birini başı üzərinə qaldıraraq oynayırdı. Bunu yallı gedənlərin hamısı təkrar etməli idi.

Toyun axırıncı gününün axşamçağısı yaxud axşamı gəlin gətirməyə həsr olunurdu. Gəlin gətirmə müxtəlif illərdə bir-birindən fərqlənirdi. Həmin gün oğlan evindən qız evinə nümayəndə gəlirdi və cehizlərin siyahıya alınması olurdu. Kənddə elektriklə işıqlandırma zəif olan vaxtlar gəlin gətirmə üçün xüsusi işıqlandırıcılar düzəldirdilər. Oğlan evinin adamları musiqi sədaları ilə qız evinə yollanırdı. Qız evində ilk növbədə nikahı rəsmiləşdirən sənəd tələb olunurdu. Bu ya nikah (VVAQ) kağızı, ya da Kərbəlayı Muxtar mollanın kəbin kağızı ola bilərdi.

Toy mərasiminin maraqlı məqamlarından biri də qız evindən oğlan evinə gətirərkən yolda baş verənlər idi. Toy yığıncağı küçələrlə kimin qapısından keçirdisə həmin evdən bir nümayəndə qapıya çıxır və gəlinin başına şirniyyat ələyirdi. Onların yerdən götürülməsi uşaqlar üçün çox maraqlı idi.

Gəlin oğlan evinə çatanda onu qanşardan bəy və onun sağdışi ilə soldışi qarşılayırdı. Ümumiyyətlə, sağ və sol dışlər toyun başlanğıc günündən təyin olunurdular. Onlar bəyin dostlarından seçilirdi və vəzifələri toy günləri bəyi gözlənilməz hadisələrdən qorumaq idi.

Gəlin bəy evinə yaxınlaşanda bəy üç alma ilə gəlinin alnını hədəfə almalı. Sonra gəlini oğlanın atası yaxud dayısı qarşilayırdı ona veriləcək hədiyyələr haqda (məsələn, torpağın hansı hissəsisə, malqara və s.) deyərdi. Sonra gəlinin ayağı altına boşqab qoyardılar ki, onu ayaqları ilə sındırsın və nəhayət onun qucağına oğlan uşağı oturdardılar ki, oğlu olsun.

Toydan sonra bir neçə ay gəlin yaşmaqlı gəzərdi qaynanası və qaynatası ilə səslə danışmazdı.

Aldərənin adət- ənənələri haqda qeydlərə bayram mərasimlərini əlavə etmək olar. Kənd üçün ən əziz və təm-təraqlı bayram Novruz bayramı idi. Bu bayrama bir qədər qalmış yumurta rənglənməsi və yumurta döyüşü başlayırdı. Ailələrdə evlərin ağardılması, paltarların günə verilməsi, evdəki əşyaların təmizlənməsi bayram qabağı olurdu.

Ailə üzvlərinə hansı yeni paltarın alınması yaxud tikilməsi Novruz bayramı ilə uzlaşdırılırdı.

Bayram qabağı adətlərdən biri də bacalardan torba sallanması idi. O zamanlar, yəni 1950-ci illər Aldərədə evlərin damı yastı olurdu, yəni şiferlə örtülməmişdir. Damın ortasında diametri 50-60 sm olan bacalar var idi. Yaxın qohum qonşunun oğlan uşaqları həmin bacalardan vasitəsi ilə kiçik torba sallayırdılar. İpin torbaya bağlandığı yerdə həmçinin bir dəstə (10-15 dənə) bənövşə bağlanırdı. Bənövşənin iyisi bütün otağı bürüyürdü. Kənddə bənövşə bağlardakı arxların kənarlarında mart ayının ortalarında özü bitirdi. Sallanmış torba və bənövşə dəstəsi otaqdakıların əhval-ruhiyyəsinə müsbət təsir edirdi. Torbaya kiçik pay qoyulurdu və damdakılar torbanı çəkirdilər.

Bayram səhəri də maraqlı keçirdi. Birincisi sübhdən uşaqlar qapıları gəzib bayram paylarını alırdılar; ikincisi qohum-aqraba ağsaq qalların və ağbirçəklərin görüşünə gedirdilər; üçüncüsü küsülülərin barışma görüşləri olurdu. Əlbətdə ki, zaman keçdikcə bu adətlərdə dəyişikliklər olurdu. Məsələn, toylara tanınmış musiqiçilərin və xanəndələrin dəvət olunması, gəlinin maşınla gətirilməsi, maşının qarşısını kəsmə, qapıya torba atma və s.

Aldərənin adət-ənənələrindən bəzilərini də göstərmək olar. Nisbətən qoca və evində cavan olmayan ailələrə qohumlar tərəfindən himayədarlığı qeyd etmək olar. Həmin qocaların yanacaq kimi odunla təmin olunması, dəninin dəyirmanda üyüdülüb gətirilməsi, evlərində kiçik cari işlərin görülməsi, tibbi yardım və s. buna misal ola bilər. Sonralar ümumi vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar qeyd etmə yığıncaqları (ad günü, kiminsə uşağının ali məktəbə daxil olması, evinə uzaqdan qonaq gəlməsi) olurdu.

Şəhərlərdən kəndə gələn qonaqların adətən iştirak edə bilmədikləri hüzr yerlərinə fərdi qaydada gedib üzrxahlıq etmələri də bir adət idi.