Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

XX əsrdə Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsi:

1918–1920-ci illərdə \\ 1948–1953-ci illərdə \\ 1987–1991-ci illərdə


1918–1920-ci illər

1918–1920-ci illərdə azərbaycanlı əhalinin soyqırımının və azərbaycanlıların Ermənistandan deportasiyasının əsas səbəbi ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası idi. Ərazi əldə etməyə və etnik ərazini süni şəkildə genişləndirilməyə güclü meyil, mədəni üstünlüyə və yaşayış yeri ilə bağlı xüsusi hüquqlara malik olmaq ideyası ermənilər arasında total xarakter almışdı. Erməni şovinistləri hesab edirdilər ki, “Böyük Ermənistan” əhalinin əksəriyyətinin iradəsinə arxalanmaqla yox, silah gücü ilə, zorla qəbul etdirilə bilər. Xülyası qurulan gələcək dövlət müsəlmanlardan (azərbaycanlılardan) təmizlənmək yolu ilə xarabalıqlar və günahsız “yadellilər”in meyitləri üzərində qan və dəmirlə qurulmalıdır.

1948–1953-cü illər

Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü davam etmişdir. Bu proses xüsusilə İkinci Dünya Müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya şəklini almışdı. Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Fərmana əsasən, Ermənistandan 100 min nəfərlik azərbaycanlı əhalinin 1948–1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu.

Deportasiya haqqında rəsmi sənədlər

1987–1991-ci illər

Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1987–1991-ci illərə təsadüf etmişdir. 1948–1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi.

Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi. 1987- 1991-ci illərdə 300 000-ə yaxın azərbaycanlı Qərbi Azərbaycandan deportasiya olunmuşdur.

Türkiyə Respublikasının qurulmasına yol açan Türk İstiqlaliyyət Müharibəsi dövründən etibarən Türkiyənin Sovet Rusiyası ilə yaxşı münasibətləri qurulmuşdu. Bu münasibətlər II Dünya müharibəsi ərəfəsinə belə davam etdi. Lakin həm 1939-cu ildəki rəsmi təmaslar, həm də müharibə boyunca davam etmiş diplomatik görüşmələrdən Sovet İttifaqının xüsusən Türkiyənin İstanbul boğazları üzərində mütləq hakimiyyətinin qurulmasından narahatlıq duyduğu idi. Müharibənin sonu yaxın ikən Sovet İttifaqı rəsmiləri Türkiyəyə 1925-ci il tarixli iki dövlət arasındakı müqavilənin eyni şərtlərlə yeniləməyəcəyini bildirdi. Bu zaman türk tərəfi yeni müqavilənin imzalanması üçün hansı şərtlərin irəli sürüləcəyini gözləməyə başladı.

Nəhayət iyun 1945-ci ildə baş tutmuş görüşdə Sovet İttifaqının xarici işlər üzrə naziri Vyaçeslav Molotov müqavilənin yenilənməsi üçün bu şərtləri irəli sürdü:

1. Sovet İttifaqı ilə Türkiyə arasında sərhədləri müəyyənləşdirən 1921-ci il tarixli müqavilənin şərtlərində sovetlərin lehinə dəyişikliklər,

2. İstanbul boğazlarının iki dövlət tərəfindən ortaq şəkildə qorunması və bunun üçün boğazlarda sovetlərə hərbi baza açma imkanının verilməsi,

3. Mövcud boğazlar rejimini təsbit edən 1936-cı il tarixli Montrö müqaviləsinin dəyişdirilməsi üçün iki dövlətin ortaq razılığa gəlməsi.

Molotov birinci şərti açıqlarkən bu müqavilənin, yəni Moskva müqaviləsinin sovetlərin zəif zamanında imzalandığını bildirmiş və bildirdiyi dəyişikliklə Qars və Ərdahanın sovetlərə verilməsini nəzərdə tutmuşdur.

İkinci şərti əsaslandırmaq üçün isə, möövcud boğazlar sisteminin 200 milyon Sovet İttifaqı vətəndaşını Türkiyənin ümidinə buraxdığını bildirmişdir. Üçüncü şərtlə bağlı isə, Türkiyənin Montrönün ona verdiyi imkanlar əsasında boğazları tərəfsiz şəkildə qoruya bilmək üçün yetərsiz imkana sahib olmasını əsas gətirmişdir. Qısası, Sovet İttifaqı Almaniyanın təslim olduğu, Sovet İttifaqı ordusunun Türkiyənin Balkan qapılarına qədər gəldiyi, strateji vəziyyətin onun lehinə olmasından yararlanaraq istəklərini qısa zaman ərzində həyata keçirmək istəmişdir.[43] Lakin bu istəklər Türkiyənin qəti etirazları ilə qarşılanmış, ABŞ və ümumiyyətlə Qərb dünyası onu bu iddialarda dəstəkləmiş, nəticədə Sovet İttifaqı ilə Türkiyənin münasibətləri pozulmuşdur.

Türkiyənin Soyuq Müharibənin başlamasından sonra Qərblə yaxınlaşması, ondan maliyyə və hərbi yardım alması, bir qədər sonra NATO-ya girməsi onu Sovet İttifaqının gözündə düşmən dövlət olaraq görülməsinə səbəb olmuşdur. Münasibətlərin bu şəkildə pozulması Cənubi Qafqazdakı türk və müsəlmanlara da təsirsiz ötüşmədi. 1953-cü ilə qədər bu iddianı dəstəkləmək üçün Stalinin əmri ilə mühüm addımlar adıldı.

Bu addımların bir parçası kimi xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi proqramına başlanıldı. SSRİ-nin Türkiyəni öz təsir dairəsinə salma istəyində Türkiyə ilə sərhədi olan Sovet Ermənistanı mühüm yer tuturdu. Sovet rəhbərliyinə görə, bu zaman Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər.

Vladislav Zuboka görə, Stalinin azərbaycanlıları Ermənistandan köçürmək barədə qərar verməsində bu amil həlledici rol oynamışdır.

Stalinin Gürcüstan və Ermənistana vəd etdiyi "əcdadların torpaqlarının geri qaytarılması" baş tutmadıqdan sonra Vladislav Zuboka görə bu iki respublika Azərbaycana qarşı planlar qurmağa başladılar. Ermənistan Dağlıq Qarabağ və Naxçıvan, Gürcüstan isə Qax bölgəsinə iddia irəli sürməyə başladı. Sovet Ermənistanının Stalin dövründə qonşu respublikaya qarşı torpaq iddiası irəli sürməsi böyük cəsarət tələb edirdi. Fərid Şəfiyevin yazdığına görə, belə bir çıxış irəli sürmək üçün əvvəldən yuxarı hakim dairələrlə məsləhətləşmək lazım gəlmişdir. Beləki, 6 iyun 1945-ci ildə Ermənistan Kommunist Partiyasının baş katibi Qriqori Arutunov İosif Stalin tərəfindən qəbul edilmiş, Türkiyə ərazisindəki "erməni torpaqları" məsələsindən bəhs edilərkən Arutunov Qarabağ və Naxçıvan məsəəsini qaldırmışdır. Stalin isə bu məsələni Azərbaycan Kommunist Partiyasının baş katibi Mir Cəfər Bağırovla müzakirə edilməsi gərəkliyini bildirmişdir.

O dövrdə Azərbaycanda çalışan yüksək rütbəli şəxslərdən biri olan Həsən Seyidovun da verdiyi məlumata əsasən 1945-ci ilin payız aylarında erməni olan Anastas Mikoyanla, gürcü olan Lavrenti Beriya Bağırovla görüşmüş, görüş zamanı ona yaxın zamanda İran Azərbaycanının Azərbaycan SSR-a birləşdirələcəyini bildirərək, Qarabağın Ermənistana, bəzi şimal bölgələrinin isə Gürcüstana birləşdirilməsi zarafatla müzakirə edilmişdir.

Müzakirə zamanı Bağırov belə məsələlərin müzakirəsi üçün hələ erkən olduğunu demişdir. II Dünya müharibəsinin tamamilə bitməsindən iki ay sonra Arutunov yenidən Stalinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsi barədə məktub göndərmişdir. Məktubda Arutunov bölgənin Ermənistanla güclü etnik, iqtisadi və ümumi dil əlaqələrinə sahib olduğunu bildirmiş və bu əlaqələr nəzərə alınaraq oranın Ermənistana birləşdirilməsini istəmişdir. O, bu birləşmənin həyata keçirilməsi ilə yerli əhalinin daha yaxşı təhsil və erməni dilində xidmətlə təmin ediləcəyini vurğulamışdı.

Çox zaman öz iradəsi ilə qərar verən Stalin bu həssas məsələ barədə rəy verməkdən çəkinmiş, məktubu Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Malenkova, o isə, öz növbəsində Bağırova göndərərək cavab verməsini istəmişdir Bağırov yazdığı cavabda bu addımın atılacağı halda, qarşılıq olaraq da Ermənistan və Gürcüstanda olan və azərbaycanlıların üstünlük təşkil etdiyi bölgələrin də Azərbaycana birləşdirilməsini təklif edir.

Bu iddiaların da uğursuzluqla nəticələnməsindən sonra Ermənistan rəhbərliyi Qarabağ məsələsini 1960-cı illərə qədər bir daha gündəmə gətirmirlər. Bu məsələdə Stalinin də, Malenkovun da çəkingən davranmasının səbəbi onların hər ikisinin Cənubi Qafqazdakı etnik qarşıdurma potensialının nə qədər yüksək olduğundan, həmçinin də Sovet İttifaqı daxilində hər hansısa sərhədin yenidən müəyyən edilməsinin bu tendensiyanın digər müttəfiq respublikalara da yayıla bilmə təhlükəsindən xəbərdar olmaları idi .

Deportasiyanın əsas səbəbləri kimi göstərilən Türkiyə ilə münasibətlərin pozulması fonunda mümkün müharibə zamanı türkpərəst azərbaycanlıların sərhəd bölgələrindən uzaqlaşdırılması, Tüürkiyədən alınan torpaqla mükafatlandırılması mümkün olmayan erməni hakim dairələrini oranı azərbaycanlılardan "təmizləyərək" mükafatlandırılması və ya xaricdən gələcək ermənilərə yer açılması səbəblərindən başqa bir digər səbəb rus tarixçi T. Y. Krasovitskaya tərəfindən dilə gətirilmişdir. O, ümumiyyətlə Sovet İttifaqındakı deportasiyaların əsas səbəbi kimi Sovet İttifaqında "yekcins dil mühiti"nin yaradılması zərurəti ilə izah edir və nümunə olaraq deportasiyaya məruz qalmış xalqlar sırasında türkdilli xalqların çoxluq təşkil etdiyini əsaslandırmağa çalışır.

V. M. Alpatov "Voprosı İstorii" jurnalınin redaksiyasına göndərdiyi "K istorii Sovetskoqo yazıkoznaniya: Marr i Stalin" adlı məktub məqaləsində T. Y. Krasovitskayanın mülahizələrini dəqiq olmayan, əsaslandırılmamış səhv fikir olduğunu vurğulayır və alternativ mülahizə ilə çıxış edir. O, belə hesab edir ki, xalqların deportasiya olunmasında Stalinin hələ Qafqazda olarkən burada yaşayan xalqlara olan simpatiyası və antipatiyası müəyyən rol oynamışdır.

Tədqiqatçı N. F. Buqay isə V. M. Alpatovun bu mülahizəsinin həqiqətə daha çox yaxın olduğunu bildirir. Onun yazdığına görə, 1930 və 1940-cı illərdə Sovet İttifaqında həyata keçirilmiş bütün deportasiyaların iki motivi olmuşdur: cəzalandırma (bu çox zaman işğal zamanı həmin millətin şəxslərinə və ya ayrı-ayrı qruplarına görə tədbiq edilirdi) və mümkün olan xəyanətə görə preventiv (qabaqlayıcı) tədbir kimi.

Buqay son iddiasını Stalinin ola biləcək müharibələrdə həmin millətlərin xaricdə yaşayan soydaşları ilə bağını nəzərə alması ilə açıqlamışdır. Lətifə Həsənova isə sovet deportasiyasının həm ümumi, həm də konkret hal üçün xüsusi səbəbləri olduğunu bildirir və azərbaycanlıların deportasiyasını ümumi deportasiya fəaliyyətinin məntiqi ardıcıllığıa hesab edir. Ataxan Paşayev məcburi köçürülmənin əsas səbəbini Kremlin siyasi dairələrində özlərinə kök salmış erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Tarix elmləri doktoru Bəxtiyar Nəcəfov Azərbaycan türklərinin deportasiyasının "Daşnakstyun" partiyasının xüsusi ssenarisi əsasında və onun birbaşa Kremlə göstərişi əsasında həyata keçirildiyini qeyd edir. lakin Nəcəfovun iddiası ilə tarixçi Əsəd Qurbanlı razılaşmamaqdadır.

Tarixçi C. Həsənli isə azərbaycanlıların tarixi torpaqlarından köçürülməsi səbəbini xaricdən Ermənistan SSR-ə köçürülüb gətirilmiş erməni-repatriantların sosial – məişət şəraitinin yaxşılaşdırılması ilə bağlayır. Erməni tarixşünaslığının məsələyə yanaşması fərqlidir. Onların əksəriyyəti Ermənistandan azərbaycanlıların deportasiyasına səbəb kimi Mir Cəfər Bağırovla Ermənistan Kommunist Partiyasının katibi Q. Arutunyanın birlikdə Stalinə müraciət etməsi ilə əlaqələndirirlər. Onların iddiasına görə, bu məsələnin səbəbi sadəcə Azərbaycanın Kür-Araz ovalığında inkişaf etməkdə olan pambıqçılıq təsərrüfatının yeni işçi qüvvəsinə ehtiyac duyması olmuşdur.

SSR Nazirlər Sovetinin Azərbaycan türklərinin köçürülməsi haqqındakı məlum qərarına qarşı qeyri və yarımleqal formalarda gizli də olsa, mənfi münasibət davam edir, demək olar ki, Ermənistanın türklər yaşayan bütün rayonlarını əhatə etmişdi.

Köçürülməyə qarşı mənfi münasibət Zəngibasar, Amasya, Noyomberyan, Basarkeçər, Sisyan, Vedi, Qarabağlar, Artaşat, Oktomberyan, Qafan, Meğri və başqa rayonların azərbaycanlı əhalisi arasında kəskin şəkildə nəzərə çarpırdı.

Ermənistan SSR Mığrı (Meğri) rayonunun Nüvədi kəndinin əhalisinin Mingəçevirə köçürülməsi nəzərdə tutulsa da,onlar yaşayış yerlərindən köçmək istəmirdilər.Nüvədi kəndinin Azərbaycan SSR-in Zəngilan rayonunun ərazisinə aid edilməsi barəsində Nüvədi kənd “Qırmızı Sərhəd” kolxozunun əməkçilərinin İ.V.Stalinə yazmış olduqları 23 aprel 1948-ci il tarixli məktubunda deyilirdi: “Bu ilin aprelində bizə məlumat verdilər ki, kənd əhalisi ilə birlikdə Azərbaycan SSR-ə köçürülməliyik və Emənistan azərbaycanlıları Azərbaycanda yaşamalıdırlar. Bizim Nüvədi kəndi hər iki respublikanın sərhədində yerləşir. 1920-ci ilə qədər (1929-cu ilə qədər) Azərbaycan SSR Zəngilan rayonuna məxsus idi, sonra isə Ermənistan SSR Meğri rayonunun tərkibinə keçirildi. Dəmiryol xəttinin çəkilməsi iki respublikanı birləşdirdi. Bütün bunlardan çıxış edərək, artıq dərəcədə xahiş edirik ki, bizi köçürməkdənsə, əvvəllər olduğu kimi Nüvədi kəndinin Azərbaycan SSR Zəngilan rayonunun tərkibinə keçirəsiniz.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. 1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə başlayır.

Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərirdilər. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və

94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular. 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini təşkil edirdi.

Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirməyə başlamışdır. İndiyədək Ermənistanda 702 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir. Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa nail olmuşlar.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırım törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Prezident Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı qanunvericilik bazasının əsasını qoyulması və Prezident İlham Əliyev tərəfindən bu strategiyanın daha da möhkəmləndirilməsi Qərbi Azərbaycana qayıdışa olan inamımızı daha da artırır. 44 günlük Zəfər müharibəsi ilə 200 illik məğlubiyyətçilik sindiromuna son qoyuldu və Qərbi Azərbaycana qayıdış paltforması daha da geniş vüsət almaqdadır.

Paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar