Onlar üç qardaş olmuşlar

Onlar üç qardaş olmuşlar: böyük qardaş Məşədi Hüseynqulu, ortancıl Abbasqulu, kiçiyi Sultanqulu. Abbasqulu müharibədən qayıtmamışdır.

Müharibədən yaralı qayıtmış Həsən müəllim mənim nəzərimdə ən yaxşı müəllim, həm də ən yüksək insani keyfiyyətləri olan şəxs idi. Şəxs yox, şəxsiyyət idi! Digər iki oğlu da – Kərimqulu və Zaman müəllim idilər, lakin heç biri Həsən müəllimin səviyyəsinə yüksəlməmişdi. Acıqlan gəlməsin, mən də, onlarla həmyerlimiz olan müəllimlər də onun səviyyəsinə yüksələ bilmərik. Bunun üçün onun təbiətində və əqidəsində doğulmaq gərəkdir. Onun şəxsiyyəti şəxsən mənim üçün ən böyük müəllimlik simvoludur.

Mənə dərs demiş bütün müəllimlərin ruhları qarşısında baş əyirəm, amma Həsən müəllimi ancaq səcdəyə layiq insan hesab edirəm. Yazdığım bir gəraylıda belə bir bənd var:

Birinə verir istedad,
Başqasına şöhrət və ad.
Bir atadan dörd-beş övlad –
Hərəsi bir təhər olur.

Həsən müəllimin yüksək insani keyfiyyəti vardı. Bunu çox nümunə ilə göstərmək olar, amma hələ orta məktəb illərində gördüyüm bir hadisəni bu gün də xatırlayanda qəhərdən boğuluram.

Şimşəkli, leysanlı, ildırımlı bir gün idi. Kənddə çaxnaşma düşmüşdü, küçələr, yollar sel gələn çaya bənzəyirdi. Xəbər gəldi ki, Balacagilin evinə ildırım düşüb, ev uçub, hamısı uçqunun altında qalıb. Bütün kənd oradaydı, hamı işləyirdi. Çökmüş damın altından ağlamaq səsi eşidilirdi – deməli, sağ idilər, onları xilas etmək lazım idi.

Hamıdan ürəkli, hamıdan sürətlə Həsən müəllim işləyirdi. O, iri daşları elə asanlıqla götürüb kənara atırdı ki, elə bil atdıqları daş yox, taxta idi. Ən tez Balacanı xilas etdi və sevindi. Az keçməmiş anası Təzəgül xala da xilas oldu. Uçqunun altında Balacanın bacıları – Səadət və Tərlan qalmışdılar. Yağış zəifləsə də dayanmamışdı.

Həsən müəllimin alnında tər ilə yağış bir-birinə qarışmışdı. Dişləyir, işləyirdi... Bu dəm çöhrəsində sevinc parladı – Səadət də sağ-salamat çıxdı! Torpaqlar altında qalan təkcə Tərlan idi. Əli bellə adamlar işləyir, tez-tez bir-birlərini əvəz edirdilər. Əvəzedilməyən təkcə Həsən müəllim idi.

Birdən Tərlanın ayaqlarını gördü! Üzərinə düşən daşları, parçaları sürətlə götürüb atdı və birdən-birə elə hönkürdü ki, hamı səksəndi... Tərlan ölmüşdü.

Həsən müəllimin hönkürtüsü bu gün də qulağımdadır. Heç bir filmdə belə hönkürtü eşitməmişəm.

İbrahim Hacı oğlu Hacıyev

1936-cı ildə Mehri rayonunun Aldərə kəndində dünyaya göz açmışdır. Orta məktəbi orada bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş və 1956-cı ildə həmin institutu bitirmişdir. Müəllimlik fəaliyyətinə Zəngilan rayonunun Mincivan qəsəbəsində başlamış, əvvəlcə dəmir yol məktəbində direktor, sonra isə Nərimanov adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışmışdır. İbrahim müəllim ömrünü çox sevdiyi müəllimlik peşəsinə həsr etmişdir və bu peşəni ölümünə qədər şərəflə daşımışdır. 1993-cü ildə məcburi köçkün olarkən Bakı şəhərinə köçmüş və burada 72 saylı liseydə ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirmişdir. Bakıxanov qəsəbəsindəki həmin məktəbin direktoru Əhməd Cavadın qardaşı oğlu Sabutay İdrisovic heç bir sorğu keçirmədən İbrahim müəllimi işə qəbul etmişdir. O, ona "Müəllimi iyindən tanıyıram" deyərək böyük qiymət vermişdir. İbrahim müəllim ömrünün sonuna qədər həmin məktəbdə sinif rəhbəri olaraq çalışmış və çoxsaylı şagirdlərinin rəğbətini və hörmətini qazanmışdır. Xəstə olduğunu eşidən şagird və müəllimlər onu ziyarət etməyə gəlir, hətta xəstəxanada müalicə aldığı dövrdə xəstəxana işçiləri bu qədər ziyarətçi olacağına inanmazdılar. Müəllim yoldaşlarından yaxın əlaqədə olan dostları, indi də Ceyhunla görüşərək İbrahim müəllimin məzarını ziyarət edirlər. İbrahim müəllim həyatını şərəf və ləyaqətlə yaşamış və 2008-ci ildə, 29 oktyabr ad günündən üç gün sonra, Zəngilanın işğalı günündə dünyasını dəyişmişdir. İbrahim müəllim haqqında çox şey yazmaq olar. O, yumruq boyda ürəyində dünyanın kədərini də, sevincini də sıxışdıra bilən bir insan olmuşdur. Uzun düşüncələrdən sonra ona "Möcüzə atam" adını qoymuşam.