Lehvaz kənd sakini Davudun xatirəsi

Lehvaz kənd sakini Davudun xatirəsi

Davud deyirdi: “Mən evdə oturmuşdum, dedilər ki, səni bir erməni kəndin qırağına çağırır. Getdim, çağıran qonşu kəntli bir erməni idi. Heç bir başqa söz demədən dedi ki, Davud, üç gündən sonra sizin kəndi dağıdacaqlar, tez qaçın gedin. Biz sizin balalarınızı qan içində görmək istəmirik,” - deyib tez qatırını sürüb uzaqlaşdı.

Belə bir xəbəri də Mallevli dəli Xaçı adında bir erməni bizim kənddə Xanəli adında bir nəfərə demişdi. Sonralar ermənilər deyirdi ki, daşnaklar bu xəbəri verənləri çox axtardılar, tapa bilmədilər. Onlar deyirdi ki, əgər daşnaklar o adamları tapsaydılar, onlara cəza vermək üçün uşaqlarını doğrayıb kabab edib özlərinə yedirəcəklərmişlər.

Bu xəbərlər bütün Azərbaycan kəndlərinə yayılır. Ermənilərin onları aldadıb məscidə yığıb yandırmaq planı baş tutmur. Meğri çayının başında yerləşən bütün azərbaycanlılar gecəni araya salıb yığışıb Vərtənizor kəndinə gəlir. Lehvaz, Buğukar, Mülk, Tey, Yuxarı Vərtənizor - bu beş kəndin adamları, mal-qarası, at-qatırı kiçik bir kəndə yerləşə bilməzdi. Odur ki, bütün tövlə, samanlıqlarda yerləşdilər.

Bunların buraya yığışmaqda fikirləri o imiş ki, dağ yolu ilə Aldərəyə gəlsinlər. Sonra məsləhətləşərək ya qaçıb İrana keçmək, ya da vuruşmaq istəyirdilər. Vuruşub qabağa çıxmaq əlbəttə ki, boş-boşuna bir fikir idi. Təpədən dırnağa qədər silahlanmış yüzlərcə, frontdan qayıdan erməni əsgərlərinin qabağına durmaq ağla gələn bir şey deyildi. Əlacı ancaq vaxt itirmədən qaçmaq idi.

Dağ kəndi olan Tağamır kəndinə Teştun adlı erməni kəndindən Markar adlı bir erməni qaranlıq gecədə 12 kilometr yol gələrək Tağamırlara xəbər verib qayıdır. Ona görə Tağamırlılar bütünlüklə qaçıb canlarını qurtarmışdılar.

Ermənilərin dediyinə görə o Markarı və iki oğlu daşnaklar ağaca bağlayıb güllələmişdilər. Meyitlərini basdırmaq imkanı verməmişdilər, onları canavarlar yemişdi. Sonralar qohumları sümüklərini yığıb basdırmışdılar. Sovet vaxtı o sümükləri çıxarıb yol ağzında bir çeşmənin yanında basdırıb, qəbir daşı üstə belə yazmışdılar:

"Erməni və Azərbaycan millətlərinin qardaşlığı yolunda canlarını verənlərə eşq olsun!"

Deyilənlərə görə, bu adam həmişə daşnakların vəhşiliyindən narazı idi və etiraz edirdi. Markar deyirdi ki: "Bu günahsızları qırmaqla erməni millətinin adını ləkələyirsiniz." Axırda özü və iki oğlu daşnaklara qurban oldu.