Kəndin məktəbləri haqda

Hər bir kəndin inkişafında və ümumi vəziyyətində məktəbin və təhsilin mühüm rolu vardır. Bu mənada Aldərənin bir növ bəxti gətirmişdir. Yuxarıda qeyd olunduğu kimi hələ XX əsrin əvvəllərində Aldərədə dini məktəb olmuşdur. Həmin məktəbin məzunları həmin əsrin 50-60-cı illərinə kimi kəndin müxtəlif mərasimlərinin keçirilməsində lazımi səviyyədə öz borclarını yerinə yetirmişlər.

Burada məqsəd mənim məktəbə getdiyim 1946-cı ildən sonrakı dövrdə Aldərədə fəaliyyət göstərən məktəblər və onunla əlaqədar məsələlər haqda qeydlər etməkdir. Həmin məktəbi şərti olaraq 1-ci adlandırmaq olar. Çünki sonralar bir-birindən yaxşı daha iki məktəb tikilmişdir. Lakin aydındır ki, mənim yaşıdlarımın ən ülvi xatirələri 1-ci məktəblə bağlıdır.

Bu məktəbin binasının xüsusi arxitekturası var idi. Əksər sinif otaqları koridora nisbətən bir tərəfdə idi. Bir koridor var idi. Binanın böyük zirzəmisi var idi. Bu zirzamidə əsasən qışda yandırmaq üçün meşələrdən gətirilmiş odun saxlanılırdı. 1950-ci illərdə məktəb bir növ internasional oldu. Yəni, azərbaycan və erməni sektorları var idi. Sonralar Malley kəndinin dağılması nəticəsində erməni sektoru bağlandı. Buna baxmayaraq biz «erməni dili» adlı fənn keçirdik.

1953-1963-cü illərdə Meğri rayonunda azərbaycan dilində on illik təhsil yanız Aldərə kəndində idi. Yəni, rayonun azərbaycanlılar yaşayan Nüvədi, Vartanizor, Leyvaz və başqa kəndlərində oxuyanlar yeddinci sinfi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün Aldərəyə gəlirdilər. Onlar kənddə yataqxanalarda yaşayırdılar. Yataqxana kimi vaxtı ilə barama zavoduna aid dörd korpuslu binadan istifadə edilirdi. Həmin şagirdlər hər altıncı gün öz kəndlərinə gedər və həftəlik azuqələrini gətirərdilər.

Məktəbdə lazımi səviyyədə müəllim kollektivi var idi. Onların əksəriyyəti Aldərəlilər idi. Başqa kəndlərdən gəlib işləyənlər də var idi. Əksəriyyəti ali məktəblərdə qiyabi təhsil alırdılar. Müharibədən sonra (1941-1945) ali məktəbin əyani şöbəsini bitirən Səfərəli (İbrahimov Səfərəli Cəfər oğlu) idi. Təqribən 1950-ci ildə o Kirovabad Pedaqoji İnstitutunu bitirmişdir. Ondan sonra 1952–1953-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunu əyani bitirənlər, Rüstəm müəllim, Ənvər müəllim və Zaman müəllim kəndin orta məktəbində işləməyə başladılar. Sonralar isə məktəbdə digər ali savadlı müəllimlər dərs demişlər. Bu illərdə kənd məktəbində dərs deyən müəllimlərin xatirələri unudulmazdır.

Məktəbdə tədris lazımi səviyyədə idi. Fizika, kimya fənnləri üzrə laboratoriyalar, hərbi təlim ləvazimatları, idman meydançaları var idi. Futbol meydançası bir qədər yamac idi. O zaman kənddə lazımi texnika (traktor, ekskavator və s.) yox idi. Məktəb direktoru, xatirəsi əziz olan Həsənqulu Hacıyev yamac meydanını on yerə böldü. Bütün siniflər öz sahələrini uzun müddətə qazma və bel hesabına düzəltdilər. Nəticədə ölçüləri kifayət qədər yaxşı bir futbol meydanı alındı. Birinci məktəblə əlaqədar daha bir hadisə unudulmazdır. Məktəbin təxminən 300 m² olan dam örtüyü yastı idi ki, bu da bəzən çox yağış yağanda sinif otaqlarının dammasına səbəb olurdu. Damın şiferlə örtülməsi böyük hadisə idi. Bunu direktor H.Hacıyev şagirdlərin və ustaların hesabına yerinə yetirdi.

Birinci məktəbin göstərilən inkişafı ilə paralel kadrların da genişlənməsi baş verirdi. Kadr dəyişmələri ilə əlaqədar Aldərə kəndinə xas olan bir məqamı qeyd etmək olar. Başqa yerlərə nisbətən kənddə kadr dəyişiklikləri nisbətən mülayim, yəni az konfliktlərlə baş verirdi. Bizim oxuduğumuz dövrdə birinci məktəbin inkişafında kifayət qədər zəhməti olan direktor H.Hacıyev bir növ öz yerini gənc mütəxəssis olan S.İbrahimova verdi. Sonralar S.İbrahimov otuz ildən çox məktəb direktoru vəzifəsində işlədi. Kənddə ikinci məktəb binasının tikilməsi yeni direktorla bağlıdır.

Kənddə ikinci məktəb 1960-cı illərdə tikilmişdir. Həmin illər əsas sahələrdə inkişaf dövrü idi. Kəndin camaatı şəxsi evlərinin tikintilərini yekunlaşdırırdı. Kənddə o dövr üçün möhtəşəm mədəniyyət evi tikilirdi. Yollar çəkilirdi, şəxsi avtomobillər alınırdı, evlərdə fərdi isitmə sistemləri quraşdırılırdı. Kənd təsərrüfatı işlərində, o cümlədən maldarlıqda, bağçılıqda, əkin-biçin işlərində texnikanın tətbiqi nəzərə çarpırdı. Yuxarı kəhrizin suyu ayrı-ayrı məhəllələrə və evlərə çəkilirdi. Kənddə müasir tibb məntəqəsi tikilirdi. Əhalinin bağçılıqdan və heyvandarlıqdan gələn gəlirləri artırdı. O zaman dükancı Məhəmməd deyirdi: Kommunizm oldu keçdi, Aldərəlilərin xəbəri olmadı. Belə bir dövrdə kənddə yeni ikinci məktəbin tikilməsi təbii idi. Məktəb iki mərtəbəli idi. Yerli tələbatlar nəzərə alınmışdır. Əlbəttə ki, mənim üçün birinci məktəbin üstünlükləri var idi. Eyni zamanda ümumi inkişaf bu məktəblə də əlaqədardır. Bir neçə illər paralel siniflər olmuşdur. Bu məktəbi 40 medalçı qurtarmışdır. Həmin məktəbdə tədrislə əlaqədar bir neçə müəllim, o cümlədən Səfərəli müəllim, Həsən müəllim, Bağır müəllim, Rüstəm müəllim - Respublikanın Əməkdar müəllimi adı almışlar.

Üçüncü məktəb haqda

Bu məktəb 1980-ci ildə tikilməyə başlayıb. İlk baxışdan Ermənistanda azərbaycanlılar yaşayan kənddə bu iki mərtəbəli möhtəşəm məktəb binasının tikilməsi çox müəmmalı məsələ idi. Lakin, tikinti gedən vaxt erməni fəhlələri deyirdilər ki, siz çox sevinməyin, bu məktəbi biz özümüz üçün tikirik, sizləri qovacağıq və məktəb ermənilərə qalacaq. Belə də oldu. Ermənistanda azərbaycanlılar yaşayan yerlərdə təhsilin yaxşı təşkil olunması ilə əlaqədar aşağıdakı fikir də maraqlıdır. Əslən Ermənistandan olan bir texnika elmlər doktoru, professorun yetmiş illik yubileyi keçirilirdi. Orada əslən Ermənistandan olan bir akademik öz çıxışında dedi:

- Mən Ermənistandakı Azərbaycan məktəblərində təhsilin ermənilər tərəfindən yaxşı təşkil olunmasını belə başa düşürəm. Cavanlar yaxşı təhsil alsınlar, məktəbi qurtarıb gedib Azərbaycanda ali məktəblərə daxil olsunlar, qurtarıb orada qalsınlar. Bu da Ermənistanın azərbaycanlılardan təmizlənməsi yollarından biri idi.

Beləliklə, Aldərədə iki mərtəbəli üçüncü məktəb binası tikilib istifadəyə verildi. Hətta məktəbin mərkəzləşdirilmiş istilik sistemi də istifadəyə verildi. Bu vaxtlar Aldərənin inkişafının kuliminasiya dövrü idi. Kənd sakinlərinin yaşayışı yaxşılaşmışdı, onlar yeni tələbatlarla yaşay