İbrahim Hacıyevin xatirəsi

İbrahim Hacıyev

Mən ali məktəbi Gəncədə bitirsəm də, tələbəlik illərində tez-tez Bakıya gələrdim. Təbii ki, burada orta məktəbdəki sinif yoldaşlarımla görüşər, onların yanında gecələyər, birlikdə kinoya, hətta teatra gedərdik. Kəndimizdən Gəncəyə gələn olsa, dərsə getmək, həmin adamı müşayiət edərdim. Bir dəfə qapısını ərklə açdığımız, hər bir dərdimizə çarə qılan Qazıyev Qulunun qardaşı Kamal Gəncəyə gəlmişdi. Kamal xalis kənd ləhcəsində danışar, sözünü də sonraya saxlamazdı. Qarşısına çıxıb salam verənə, ya salamını alana diqqət yetirər, ucadan soruşardı:

– Ərə, bu kimdi? (Cavab verməsən, bir daha soruşacaq və sözünü də deyəcəkdi.)

Qulu mənə tapşırdı ki, onu şəhərə aparım, alış-verişinə kömək edim. Xülasə, bu gün onu müşayiət etdim, nə deyə bilərdim. "Baş üstə" deyib Kamalın qabağına düşdüm, vağzaldan şəhərə, gəncəlilər demişkən, Dəllal bazarına yollandıq. Həmin vaxtlar avtobusda konduktor olur, oradaca bilet satılırdı. Mən bir manat iyirmi qəpik verib iki bilet aldım. Kamal bilet aldığımı gördü. Bütün avtobusdakıların eşidə biləcəyi səslə:

– Ərə, bilet neçəyədi?

– Nəyinə lazım, aldım də!

– Yox e, bilet neçəyədi?

Hiss etdim ki, deməsəm əl çəkən deyil. Ona görə də əyilib qulağına pıçıldadım:

– Bir nəfərə altmış qəpikdir. Almışam, əl çək!

Pencəyini aralayıb ağzına sancaq vurulmuş qoltuq cibindən sancağı çıxartdı, dişinə alıb portmanatı götürdü, oradakı çoxlu pulun içindən bir biletlik çıxardı və mənə uzatdı:

– Ala, pulunu çıx!

Bütün avtobusdakılar bizə baxırdı.

– Lazım deyil, pulunu cibinə qoy!

– Ərə, niyə götürmərsən, tələbəsən afamsan!

Elə sərt baxdım ki, pulunu cibinə qoydu, amma dilini cibinə qoymadı:

– Eybi yox, qayıdanda mən alaram, əvəzi çıxar. (Xataya, qana düşmüşdüm.)

Avtobusdan düşən kimi qonşumuzun qızı Almazla rastlaşdıq. Məni görən kimi:

– İbrahim, nə alacaqsan? Əla teniskalar satırlar, sənin razmerində. Gedək göstərim!

– Çox sağ ol, teniska almağa pulum yoxdur. Olsaydı, alardım.

– Gedək bəyən, pulunu mən verərəm.

– Çox sağ ol, cibin dolu olsun!

Almaz bizdən aralanmamış, Kamal başladı:

– Ərə, bu qız kimdi?

– Qonşumuzun qızıdır, onuncu sinifdə oxuyur!

– İstəyirsən?!

– Nə danışıran? Orta məktəbdə oxuyur. Kimdir onu mənə verən?!

– Ərə, niyə verməlidirlər. Lap yalvarsınlar. Səndən yaxşısına verəcəklər?

Qərara gəldim ki, qayıdan baş Kamalı taksi ilə aparım, yoxsa yenə də yolda məni biabır edər. Bazarın içərisinə girəndə bir uşaq şalvarının hər iki qıçından yapışıb araladı:

– Ərə, bax gör, bu Vaqifə olar?

Doğrudur, Vaqifi tanıyırdım. Ancaq şalvarının ölçüsünü bilə bilməzdim. Ona görə də bir söz demədim. Təxfur əminin bir sözü yadıma düşdü. Bakıya gedirmiş, arvadı ona ayaqqabı almasını tapşırır. Təxfur əmi soruşur:

– Ayağının ölçüsü necədir?

– Mən ölçü bilmirəm, amma Bəxtiyarın arvadı Həvvanın başmağı ayağıma lap yaxşı olur!

– Rəhmətliyin qızı, qırx ildir səninlə yaşayıram, ayağının ölçüsünü bilmirəm. Bəxtiyarın arvadının ölçüsünü hardan bilim?!

Bəli, qayıdan baş həmişə ehtiyat üçün, ağdaşlı Nazim demişkən, tələbə yamangünlüyü üçün saxlanılan pulumdan verib taksi ilə qayıtdıq. Yenə də tərs kimi bir tələbə yoldaşım – Ramazanova Sükufə qarşıma çıxdı. Salamlaşandan sonra soruşdu:

– Dərsə niyə gəlməmişdin? Dekanlıqdan gəlib yoxladılar. Adını yazıb apardılar.
İbrahim Hacıyev

İbrahim Hacı oğlu Hacıyev

1936-cı ildə Mehri rayonunun Aldərə kəndində dünyaya göz açmışdır. Orta məktəbi orada bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş və 1956-cı ildə həmin institutu bitirmişdir. Müəllimlik fəaliyyətinə Zəngilan rayonunun Mincivan qəsəbəsində başlamış, əvvəlcə dəmir yol məktəbində direktor, sonra isə Nərimanov adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışmışdır. İbrahim müəllim ömrünü çox sevdiyi müəllimlik peşəsinə həsr etmişdir və bu peşəni ölümünə qədər şərəflə daşımışdır. 1993-cü ildə məcburi köçkün olarkən Bakı şəhərinə köçmüş və burada 72 saylı liseydə ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirmişdir. Bakıxanov qəsəbəsindəki həmin məktəbin direktoru Əhməd Cavadın qardaşı oğlu Sabutay İdrisovic heç bir sorğu keçirmədən İbrahim müəllimi işə qəbul etmişdir. O, ona "Müəllimi iyindən tanıyıram" deyərək böyük qiymət vermişdir. İbrahim müəllim ömrünün sonuna qədər həmin məktəbdə sinif rəhbəri olaraq çalışmış və çoxsaylı şagirdlərinin rəğbətini və hörmətini qazanmışdır. Xəstə olduğunu eşidən şagird və müəllimlər onu ziyarət etməyə gəlir, hətta xəstəxanada müalicə aldığı dövrdə xəstəxana işçiləri bu qədər ziyarətçi olacağına inanmazdılar. Müəllim yoldaşlarından yaxın əlaqədə olan dostları, indi də Ceyhunla görüşərək İbrahim müəllimin məzarını ziyarət edirlər. İbrahim müəllim həyatını şərəf və ləyaqətlə yaşamış və 2008-ci ildə, 29 oktyabr ad günündən üç gün sonra, Zəngilanın işğalı günündə dünyasını dəyişmişdir. İbrahim müəllim haqqında çox şey yazmaq olar. O, yumruq boyda ürəyində dünyanın kədərini də, sevincini də sıxışdıra bilən bir insan olmuşdur. Uzun düşüncələrdən sonra ona "Möcüzə atam" adını qoymuşam.