Aldərə - Böyük Vətən Müharibəsi illərində. Telli Xeyrulla qızının xatirələri

Müharibə başlayanda mən dördüncü sinifdə oxuyurdum. Qardaşım Yusif isə onuncu sinfi təzəcə bitirmişdi. Dəmiryolunda fəhlə işləyirdi. 1942- ci ildə əvvəlcə qardaşımı, sonra isə atamı müharibəyə apardılar. Xeyransa və Xurşud uşaq idi. Ailəmizin vəziyyəti ağır olduğundan mən təhsilimi yarımçıq qoydum. Anam inəyimizi və eşşəyimizi satmaq istəyirdi. Həmzə kişi qoymadı, dedi ki, inək uşaqlarına süd verəcək, eşşək də onun yemin gətirəcək. Satma, Bəsti bacı, nə qədər istəyirsən, kəfşəndən ot gətir.

Pis vaxtlar idi, çörəyin kilosu on manat idi, o da heç tapılmırdı. Anama kömək məqsədi ilə hər gün onunla soğan alağına gedirdim. Beləliklə, məktəbdən ayrılmalı oldum.

Bir dəfə Süngüranda anam eşşəyə ot yükləyirdi. Ot dağılıb yerə tökülür, o isə ağlaya- ağlaya atamı və Yusifi çağırırdı. Anamın göz yaşlarına dözə bilməyib, mən də hönkür-hönkür ağladım. Pis günlərimiz çox oldu, demək olar ki, hamı bu vəziyyətdə idi.

Anamla gedərdim inək sağmağa, şaxtalı qarlı gündə ayaqyalın, corabla, çünki geyməyə heç nə yox idi.

Telli xala

Məhəmməd kişinin hodaqçısı olmuşam. Bir yerdə işlədiyim Zinyət, Pəri, Gülçöhrə, Balabəyimlə bərabər hər gün anbardan 20- 30 kilo buğdanı dalımıza atıb kənddən Meydan gədiyinə aparırdıq əkməyə.

Hətta bir dəfə ayaqyalın olduğumdan işə gedə bilmədim, kolxoz sədri İsrafil Məmmədov bunu eşidəndə tez evlərinə gedib, bir cüt çarıq gətirib mənə verdi, geyin, amma get işlə.

Müharibənin qızğın vaxtı xəbər gəldi ki, Yusif Tiflisdə xəstəxanada yatır, anam yol pulu da verirdi, amma getməyə adam tapılmadı.

Müharibə qurtarandan düz bir il sonra atam gəldi( Almaniyadan kəndə üç aya gəlib çıxmışdı), qardaşım Yusif isə heç gəlmədi.