Mədəni kənd

“Kitabxanalar tarixi yaddaşımız, milli-mənəvi xəzinəmizdir”
H.Əliyev

Mədəni kənd

Mığrı(Meğri) rayonunun Lehvaz kəndi mədəni kəndlər sırasında xüsusi yer tutur. Rayon mərkəzindən 6 km məsafədə Mığrı(Meğri) çayının sağ sahilində dağlar döşündə yerləşir. Əsasən üzümçülük, meyvəçilik, heyvandarlıqla məşğul olan bu kənd öz səfalı iqlim şəraitinə uyğun olaraq zəngin təbiətə malikdir. Kəndin küçələrinin asfalt örtüyü, küçələrdə işıq dirəklərinin olması bir daha onun mədəni kəndlərdən olmağına bariz nümunədir.

Mədəniyyət

Lehvaz kəndində böyük bir mədəniyyət evi yerləşirdi. Mədəniyyət evində böyük kino zalı, kitabxana və mədəniyyət evinin özü fəaliyyət göstərir, kənd zəhmətkeşlərinə bayramlarda konsertlər təşkil edir, vaxtaşırı kinoların göstərilməsinə şərait yaradırdı. Mədəniyyət evində musiqi alətləri, həvəskar musiqiçilər, məktəblilərdən ibarət ansambl fəaliyyət göstərirdi. Onlar sahələrdə işləyən zəhmətkeşlərə səyyar şəkildə xidmət edirdilər.

Klubda yerli zəhmətkeşlərdən ibarət truppa yaradılır, tamaşalar göstərilir, tez-tez Cəfər Cabbarlı adına İrəvan dövlət dram teatrının aktyorları tərəfindən tamaşalar nümayiş olunurdu. Lehvaz kənd klubunda Bakı şəhəri, qonşu rayon olan Naxçıvan, Ordubad rayonundan olan artistlərdən — Şövkət Ələkbərovanın, Elmira Rəhimovanın, Nəzakət Məmmədovanın və Abdulla Babayevin rəhbərliyi ilə konsertlər keçirilirdi.

Tariximizi, mənəvi sərvətimizi qoruyub saxlayan, nəsildən-nəsilə ötürən məbədlərdən biri də kitabxanalardır. Hər bir insanın həyatında kitabxanalar xüsusi rol oynayır. İnsan həyatına, onun dünyagörüşünə açılan bir pəncərədir kitabxana. Kənddə 2 kitabxana fəaliyyət göstərirdi: biri Lehvaz kənd orta məktəbində yerləşən məktəb kitabxanası, biri isə mədəniyyət evinin nəzdində yerləşən böyük bədii-kütləvi kitabxana idi.

Bu kitabxanadan kənd zəhmətkeşləri, tələbələr, hətta şagirdlər də istifadə edirdilər. Böyük fonda malik olan bu kitabxanada klassiklərin, sovet ədəbiyyatı şair və yazıçılarının əsərləri yer tuturdu. Kitabxanada həm də gündəlik mətbuat, jurnallar, qəzetlər fonda daxil olur, kolxozçulara, kənd zəhmətkeşlərinə xidmət edirdi.

Lehvaz kəndində kitabxana ilə yanaşı rabitə şəbəkəsi də fəaliyyət göstərirdi. Hər bir evdə telefon xətləri var idi. İstər kənd daxili, istər ətraf kəndlərlə, istərsə də rayondan kənardakı iri şəhərlərlə kodlaşma sistemi ilə əlaqə saxlamaq olurdu. Rabitə şöbəsində 24 saat növbəli iş rejimi ilə işləyən rabitə sistemi zəhmətkeşlərə yüksək səviyyədə xidmət edirdi.

Rabitə binasında poçt şöbəsinin fəaliyyəti də xüsusi əhəmiyyət daşıyırdı. Hər gün gündəlik qəzet və jurnalların alınması, məktub və teleqramların zəhmətkeşlərə çatdırılması poçt vasitəsilə həyata keçirilirdi. Ölkədaxili və şəhərlərarası bağlamaların çatdırılması da poçt şöbəsi vasitəsilə həyata keçirilirdi.

Ətraf kəndlərin — Lök, Maralzəmi kəndlərinin də gündəlik poçtu Lehvaz kəndinin poçt şöbəsi tərəfindən həyata keçirilirdi. Hər gün həmin kəndlərdən olan poçtalyonlar qəzet, jurnal və bağlamaları alıb hər bir ailəyə çatdırırdı.

Cəmilə Babayeva Qafar qızı