Lehvaz kəndinin səhiyyəsi

Lehvaz kəndi Ermənistan Respublikasının Meğri rayonunda, Meğri çayının sağ sahilində, rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. 1988-ci ilə qədər kənd əhalisinin böyük hissəsi azərbaycanlılar olmuşdur. Kənddə bir çox ictimai obyektlər fəaliyyət göstərmişdir.

Kənd əhalisi üçün mövcud xidmət göstərən obyektlərdən biri - Tibb məntəqəsi idi. Tibb məntəqəsi əsasən ilkin tibbi yardım xidməti göstərən bir obyekt olub. Burada yerli əhali üçün vacib olan ambulator yardım göstərilib, əsas tibbi proseduralar yerinə yetirilibdi. Daha ağır hallarda xəstələr rayondakı böyük tibb mərkəzlərinə yönləndirilibdi.

Lehvazda insanların sağlamlığı keşiyində xidmət göstərən, sadə tibbi proseduraların icrası (iynə vurulması, sarğıların qoyulması və s.), o cümlədən səhiyyə və sağlam həyat tərzi haqqında maarifləndirmə və yoluxucu xəstəliklərin qarşısının alınması ilə bağlı təbliğat işlərinin həyata keçirilməsində kənd sakinləri Gülarə Qocayeva və Dilarə Məmmədova olmuşdur. Onlar öz peşələrinin vurğunu olan tibb bacıları idi.

Bu fədakar tibb işçiləri yalnız tibb məntəqəsində deyil, ehtiyac yarandıqda kənd sakinlərinin evlərinə gedərək onların vəziyyətini izləyib və evdə tibbi xidmət göstəriblər. Onlar xəstələrin qayğısına qalaraq emosional dəstək göstərmiş, müalicə prosesində rahatlaşdırmağa çalışmışlar.

Elə həmin illərdə Hümbətova Dilbər qonşu erməni kəndi olan Vəhrivar kəndinə və eyni zamanda kəndin yuxarı məhəlləsində yaşayan sakinlərə də xidmət göstərmişdir. O, vicdanla öz vəzifəsini yerinə yetirərək həm tibbi, həm də insani baxımdan böyük dəstək olmuşdur.

Təəssüf ki, 1988-ci ildə baş verən hadisələr nəticəsində kəndin azərbaycanlı əhalisi öz doğma yurdlarından qovulmuşdur. Bununla da kənddəki tibb məntəqəsi və digər ictimai obyektlər fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq, Lehvazda tibb sahəsində çalışan fədakar insanların əməyi və xatirəsi hələ də unudulmazdır.