Lehvaz kəndində mədəniyyət və ictimai həyat da yüksək səviyyədə inkişaf etmişdi. Kənddə bir ikimərtəbəli klub, bir ikimərtəbəli orta məktəb, dərzi, ayaqqabı təmiri və bərbərxana da var idi. Klubda mədəniyyət evi, kitabxana, kolxozun idarəsi, kənd sovet sədri, idman otağı və kolxozun hesabdarlığı yerləşirdi. Poçt, rabitə və tibb məntəqəsi də fəaliyyət göstərirdi. Klubun daxili dizaynı çox gözəl işlənmişdi: tavanda müxtəlif şəkillər çəkilmiş, ortadan böyük bir çilçıraq zəncirlərlə asılmışdı.
Klubumuzda Azərbaycan Respublikasının xalq artistləri Şövkət Ələkbərova, Elmira Rəhimova, Nəzakət Məmmədova, Qarabağ aşıqları, Naxçıvan Muxtar Respublikasının tanınmış müğənniləri konsertlər vermişlər. O cümlədən, Orucov Hidayətin rəhbərliyi altında C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının artistləri “Qayınana”, “Solğun çiçəklər”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və s. kimi tamaşalar nümayiş etdirmişdir. Bundan əlavə, kəndimizin istedadlı insanlarından ibarət özfəaliyyət dərnəyi də mövcud idi ki, bu dərnək üzvləri müxtəlif konsertlər və əyləncəli verilişlər təşkil edərək kənd həyatına bir gözəllik qatırdılar.
Lehvaz kəndinin zəngin mədəni həyatı və inkişaf etmiş ictimai infrastrukturu sakinlərin rifahına və sosial əlaqələrinin möhkəmlənməsinə böyük töhfə vermişdir.