1988-ci il noyabr ayının 21-də səhər saatlarından etibarən Lehvaz kəndinin üzərinə qara bir kölgə düşməyə başladı. Kəndin yaxınlığındakı körpüyə 200-dən çox silahlı erməni saqqallıları toplaşmışdı. Onların əlində səsgücləndirici vardı və həmin səsgücləndirici vasitəsilə kənd camaatına son xəbərdarlıq edilirdi: "Buradan çıxın, yoxsa qırğın olacaq!"
Kəndin rəhbər və ziyalılarından bir neçəsi ermənilərlə danışığa getdi. Amma bütün səylərə baxmayaraq, heç bir razılıq əldə olunmadı. Ermənilər hiyləgər planlarını həyata keçirmək üçün kənd camaatına yalnız iki gün vaxt verdilər. Hədə-qorxu gəlir, kəndi tərk etməyin yeganə çıxış yolu olduğunu bildirirdilər. Həmin günlərdə Mığrıya başqa bölgələrdən də çoxlu sayda erməni silahlıları gəlmişdi. Bu, yerli erməniləri daha da azğınlaşdırmışdı. Onlar kəndin hər yerində qorxu yayaraq əhaliyə təzyiqlər göstərirdilər.
Noyabrın 22-də ilk köç baş verdi. Qadınlar və uşaqlar kolxozun yük maşınlarına yığılaraq dəmir yol stansiyasına aparıldı. Onları açıq yük qatarlarına mindirib Zəngilana göndərdilər. Sabahısı gün, noyabrın 23-də isə kəndin bütün kişiləri məcburən yola salındı. İnsanlar tələsik kəndi tərk edərkən özləri ilə yalnız bir neçə yüngül əşya götürə bilmişdilər. Kədər içində, göz yaşları ilə doğma torpaqlarını tərk etdilər.
Bir həftə sonra, sovet hərbiçilərinin müşayiəti ilə kişilər kəndə qayıdıb geridə qalan əşyalarını götürmək istədilər. Lakin artıq gec idi. Bir vaxtlar qonaqpərvərliyi və zəhmətkeşliyi ilə tanınan Lehvaz kəndi tamamən dəyişmişdi. Müsəlman evləri talan edilmiş, mal-heyvanlar, var-dövlət oğurlanmış, ərzaq ehtiyatları belə qalmamışdı. Küçələrdə sükut hökm sürürdü, lakin bu, rahatlığın deyil, faciənin sükutu idi.
Lehvaz kənd ərazisindəki bütün tarixi və irsi abidələr, pirlər, ocaq, məscid və qəbiristanlıqlar son deportasiyadan sonra ermənilər tərəfindən dağıdıldı. Lehvaz kəndinin inzibati ərazisi olan Buğakar kəndində yerləşən və 1000 ildən çox yaşı olan Buğakar piri və yaxud Soltanı Seyid Əhməd məqbərəsi də, 1988-ci il deportasiyasından sonra erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.
Lehvaz kəndində ümumiyyətlə iki məscid mövcud olmuşdur. Köhnə kənd yerində, dağın döş hissəsində yerləşən adsız məscid hələ 1918-ci ildə daşnaq Andranik Ozanyanın quldur dəstəsi tərəfindən dağıdılmış və kəndin 200-dən çox sakinini güllələyərək qətlə yetirmişdilər. Son dövrlərə qalan Qızıl məscid və ətrafındakı müsəlman qəbiristanlığı isə 1988-ci ildən sonra ermənilər tərəfindən məhv edilmişdir.
Kəndin mərkəzində, qədim müsəlman məzarlığı olan bir yerdə (xalq arasında Kükürdün yarğanı) Lehvaz kənd orta məktəbinin yanında 1941-1945-ci illərdə həlak olmuş kənd sakinləri şərəfinə abidə ucalmışdır. Həmin abidədə 41 azərbaycanlının və 7 nəfər erməninin ad və soyadları həkk olunmuşdur. Və bu günədək abidə qorunub saxlanılır.
Əsrlər boyu ata-babalarımızın yaşadığı bu torpaq bir an içində erməniləşdirildi. Doğma ocaqlar artıq yadlar tərəfindən zəbt olunmuşdu. Kəndin əhalisinə fiziki zərər verilməsə də, yola salınarkən alçaldılmış, əşyaları zorla yoxlanılmış, bəhanələrlə incidilmişdilər. Onların bütün var-dövləti, torpaqları, evləri və mal-heyvanları zorla əlindən alınmışdı. Beləcə, Lehvaz kəndi bir millətin yaddaşında qara ləkə kimi qaldı, bir xalqın yaddaşında isə unudulmaz bir ağrıya çevrildi.