O dağlardan, dərələrdən uzağıq,
Cismən ahıl, ürəklərdə uşağıq,
"Bermud"təkin, yenilməz üçbucağıq,
Zamanında, keçəcəyik Arazı,
Kimsə unutmayıb, doğma Lehvazı!
Baş Yurd, Püşgah yurdu, Zeyni çeşməsi,
Selinti yaylağı, palıd meşəsi,
Əlik mələrtisi, bülbül nəğməsi,
Dağlarda səslənir, çoban avazı,
Kimsə unutmayıb, doğma Lehvazı!
Qanlı zəmi, nər igidlər yaylağı,
Dağlar gözəlidir, Maral oylağı,
Baldırqan çeşməsi, Turş su bulağı,
Qantəpəri, kəklikotu, yarpızı,
Kimsə unutmayıb, doğma Lehvazı!
Mülk kəndinin, laləzər çəmənləri,
Tağəmirin, ətirli çiçəkləri,
Qantəpərin, məlhəmli ləçəkləri,
Soyuq dağın, Ələngəzin ayazı,
Kimsə unutmayıb, doğma Lehvazı!
Tey torpağın, dağıtdılar, oydular,
Var dövlətin, sərvətini soydular,
Zülm etdilər, "Qaçqın" adı qoydular,
"Ayrılıq"dır, alnımızdakı yazı,
Kimsə unutmayıb, doğma Lehvazı!
Buğakara, ziyarətə gələnlər,
Sultan Seyid Əhməd Ağa, sevənlər,
Qara qoçu, Qurbangahda kəsənlər,
Səcdə edib, qılacaqlar namazı,
Allahım! Unutma doğma Lehvazı!
Elinə, Yurduna Canını verər,
Torpaqdan doğulan,Torpağa gedər,
Tarix yaddaşında, saxlasa əgər,
Qəhrəman Aydını, iğid Eylazı,
Yaradan unutmaz! Bizim Lehvazı!