Gəzəcəyik Mığrını...

Canım, gözüm,..dərdli Mığrı dərəsi,

Qəm içində, yoxudur bir çarəsi.

Titrədəcək, Ulu Türkün nərəsi,

Yeri, Göyü, Nuhun dağı Ağrını.

Qismət olsa, görəcəyik Mığrını,

Qarlı qışda, gəzəcəyik Mığrını!

 

Toz içində, asılıdır dəhrəmiz

Dayanıbdır, ip əyirmir cəhrəmiz,

Neçə ildir, yağ verməyir nehrəmiz.

Zaman gələr, atıb acı, ağrını,

Qismət olsa, görəcəyik Mığrını,

İlk baharda, gəzəcəyik Mığrını!

 

Xəzəl dolub, kəndimizin arxına,

Su gəlməyir, dəyirmanın çarxına,

Həsrət bitər, gələ bilsəm yaxına,

Ayrılıq çartladır, insan bağrını,

Qismət olsa, görəcəyik Mığrını,

Qızmar yayda, gəzəcəyik Mığrını!

 

Arx quruyub, su kəsilib dəhnədən,

Əsər əlaməti, yoxdur köhnədən,

Yuxuda görmüşəm,.. bilmirəm nədən,

Gül çiçəkli, bağçasını, bağını,

Qismət olsa, görəcəyik Mığrını,

Son baharda, gəzəcəyik Mığrını!