Atam - Qüdrət müəllim haqqında yazılar
(mətnlər ixtisarla verilir):
Aldərə kənd orta məktəbinin direktoru Səfəralı İbrahimov:
Qüdrət müəllim gördüyü hər hansı bir haqsızlıqla, qəsdən edilmiş səhvlə barışmazdı.
Biz onunla İrəvana, azərbaycanlı təbliğatçıların 3 günlük seminarına getmişdik. Seminar MK-nın Siyasi Maarif Evində keçirilirdi. Dəhlizdə gəzərkən Qüdrət müəllimin gözü Siyasi Büro üzvlərinin şəkilləri vurulmuş lövhəyə sataşdı. Löhvədə H.Əliyevin şəkli lap sonda yerləşdirilmişdi (o zaman Büro üzvlüyünə namizəd idi). O, məni yanına çağırıb dedi:
- Bura bax, əclaflar Heydər Əliyevin şəklini sonda yerləşdiriblər.
Bu anda zəng oldu, biz iclas zalına keçdik. Zal azərbaycanlı təbliğatçılarla dolu idi. Tribunada o zaman cavan olan Seyfəddin Qəndilov göründü. O, dərsə başlamaq istəyəndə, Qüdrət müəllim ona müraciətlə dedi ki, mənim sualım var. Müəllim məsləhət gördü ki, sualı sonda versin. Qüdrət müəllim etiraz etdi, onun razılığını gözləmədən dedi:
- Siyasi Büro üzvlərinin şəkilləri nəyə əsasən düzülməlidir?
Seyfəddin müəllim bir az duruxdu və dedi ki, əlifba sırası ilə.
Qüdrət müəllim qəzəbli bir səslə dedi ki, bəs nə üçün H.Əliyevin şəklini lap sonda vurublar? Müəllim buna inanmadığını bildirdi. Ⅰ saat qurtaran kimi Qüdrət müəllim ərklə Seyfəddin müəllimin qoluna girib, löhvənin qarşısına gətirdi. Müəllim təəcübünü gizlədə bilmədi və Siyasi Maarif Evinin direktorunun otağına keçdi. Biz isə dağılışdıq.
ⅠⅠ saatdan sonra gördük ki, H.Əliyevin şəkli namizədlərin tərkibində Ⅰ yerə yerləşdirilib. Qüdrət müəllim lövhəyə baxaraq qalib kimi dedi:
- Bax belə olmalıdır!
***
Respublikanın Əməkdar müəllimi Akif Orucov:
1975-ci ilin isti yay günü idi. Qüdrət müəllimlə birgə günorta yeməyinə oturmuşduq.
Milliyətcə erməni olan və kənd sovet sədri vəzifəsində işləyən Valod evə gəldi və bildirdi ki, “dadaxaz” (ermənicə prokuror deməkdir) gəlib onu çağırır. Qüdrət müəllim Valodu başdan-ayağa süzüb cavab verdi: “Qonağım var, gələ bilmərəm”. Valod cavabı eşidən kimi qayıdıb getdi.
Heç aradan 15 dəq. keçməmiş bir də geri qayıdıb bildirdi ki, “dadaxaz” deyir:
- 10 dəqiqəliyə gəlsin, bir məsələ ilə əlaqədar məlumat versin, sonra gedər.
Qüdrət müəllim bu sözləri eşidən kimi nə cavab versə yaxşıdır:
- Dadaxaz qanmır, sən də qanmırsan ki, qonağım var.
Söhbət bununla bitdi və Valod bir daha geri qayıtmadı.
Mən Qüdrət müəllimin bu cavabından bərk narahat oldum. Düşündm ki, bu söhbət müxtəlif təşkilatlara çatar və onun üçün yaxşı olmaz. Sonradan öyrəndim ki, bu ona barədə bir kəlmə də olsa, irad tutan olmayıb. Çünki onun sərt xasiyyətindən hamı xəbərdar idi.
***
Nüvədi kənd sakini, musiqi müəllimi Məhərrəm Dövlətov:
Bır gün Qüdrət müəllimlə məktəbdən çıxıb yaxındakı hündür yerdən dərəyə, Lehvaz çayına baxırdıq. Bu vaxt rayon mədəniyyət şöbəsinin müdüri R.Manuçaryan gəldi. Biz onunla görüşüb bir az söhbət edəndən sonra bu erməni bütövlükdə Mığrı rayonunun tarixi və onun tarixən ermənilərə məxsus olması danışmağa başladı.
Biz ona qulaq asırdıq, birdən Qüdrət müəllim özünə məxsus tərzdə dilləndi. Onun öz dilindən çıxan sözləri olduğu kimi sizə çatdırıram:
- Manuçaryan! Nə vaxtdan Mığrı rayonu ermənilərin olub? Sən heç rayonda olan toponimik adlardan utanmırsan? Bütün yer adları Azərbaycan adlarıdır.
Qüdrət müəllim başladı yer adlarını saymağa və qeyd etdi ki, ermənilər bu rayona köç edəndən sonra bəzi yerlərin adını dəyişib erməni adları qoyublar.
İnanin ki, Qüdrət müəllim Manuçaryana bir abır verdi ki, gərək özünüz gözünüzlə görəydiniz.
Mənbə: (“Qüdrət müəllim 30 ildən sonra”, Elza Qüdrətqızı, 2011, 665 səh.)