1991-ci il avqustun 7-də Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko Zəngilana gəlir və Nüvədi ağsaqqallarını ora çağırtdırıb təkbətək söhbət edir. Kəndi son damla qanlarına qədər müdafiə edəcəklərinə “söz verir”. V.Polyaniçko daha sonra bildirir ki, “vəziyyət ağırdır, Moskvaya gedib kömək almaq lazımdır. Azərbaycan hökuməti Ermənistanı orada bir nəfər də azərbaycanlı qalmamasında günahlandırmağa çalışır, onlar isə Nüvədi kəndini və nüvədililəri misal göstərərək gözümüzə soxurlar. Azərbaycanlılar Nüvədi kəndindən çıxsa, onda ermənilərin dili qısa olar. Biz erməniləri beynəlxalq aləmdə ifşa edərik.” – Ağsaqqal, sənin bu hadisələrə münasibətin necədir? – deyə o, Əhmədəli Əliyevə müraciət edir. – Nüvədi kolxozçuları, Nüvədi fəhlələri və ziyalıları 1988- ci ildən indiyə qədər öz vəzifələrini ləyaqətlə yerinə yetirmişdir. İndi söz Azərbaycan hökumətinin və rəhbərinindir – deyə Ə.Əliyev cavab verir. – Sizin kənddə nə qədər çiyni paqonlu varsa, onlar Sizin ən sədaqətli dostlarınızdır, – deyə V.Polyaniçko onları arxayın edir. Amma bu söhbətdən 7-8 saat sonra kəndin tamam boşaldılması Polyaniçkonun nə qədər xəyanətkar olduğunu bir daha göstərir. ...Avqustun 8-də səhər saat 5-də həm Araz çayı sahilindən, həm də kəndin yuxan hissəsindən havaya qırmızı fişəng atılır, sonra kəndi müdafiə edən ordu kənddən çıxmağa başlayır. Camaat uzun müddət özlərinə arxa sayıb, son tikələrini belə əsirgəmədikləri əsgərlərdən kəndi tərk etmələrinin səbəbini soruşanda “Belə əmr almışıq”, – deyə cavab verirlər. Bundan sonra əlacsız qalan kənd camaatı tələsik kəndi boşaldır, İran sərhəddinin yaxınlığından keçən dəmir yol stansiyasına üz tütürlar. Onu da qeyd edək ki, əvvəllər kənd camaatında çoxlu silah var idi. Bundan xəbər tutan ordu rəhbərləri rayonda fövqəladə vəziyyət olduğunu bəhanə edərək silahları axtaracaqlarını bildirmişlər. Bunu eşidənlər qorxudan öz silahlarını Zəngilan rayonunda yaşayan qohum vo tanışlarının evlərində gizlətmişlər. Bu da əhalini tərksilah etməyin bir yolu idi. Camaat kənddən çıxdıqca, ermənilər atəş aça-aça kəndə daxil olurlar. Kənd boşalandan üç gün sonra avqustun 11-də V.Polyaniçkonun tələbi ilə Nüvədi kəndinin ağsaqqallarından mərhum məktəb direktoru C.Əliyev və mərhum dərs hissə müdiri H.Musayev Nüvədi ərazisində yerləşən Sığırt zastavasında Ermənistan nümayəndələri ilə görüşürlər. Ermənistan nümayəndələri tələb edir ki, Nüvədidə 57 erməni ailəsi yerləşdirilsin, kənd beynəlmiləl olsun. Milis postu yaradılsın və ona Mığrı rayon daxili işlər şöbəsinin rəisi başçılıq etsin. Zəngilana gedən yolda isə erməni postu qoyulsun və Azərbaycanla əlaqə kəsilsin. Əgər bu şərtlən qəbul edirsinizsə, kənd camaatı yerinə qayıda bilər... Belə şərtlərlə razılaşmaq isə qeyrimümkün idi. Beləliklə, Azərbaycan rəhbərliyinin biganəliyi, laqeydliyi üç ilə yaxın mərdliklə mübarizə aparan nüvədililərin iradəsini qırdı, onları qaçqına çevirdi. Ermənilərin “Türksüz Ermənistan” siyasətinin nəticəsi olaraq, son azərbaycanlı kəndi Nüvədi də 1991-ci il avqustun 8-də ermənilər tərəfindən işğal edildi. Əslində, Azərbaycan xalqının gələcək faciələri də elə Nüvədinin işğalından sonra başladı. Xalqımızın Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan müsibətləri Nüvədi faciəsinin davamı idi. 1985-1991-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı olmuş, 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, Nüvədi “Qırmızı Sərhəd” kolxozunun sədri işləmiş, İrəvan Kənd Təsərrüfatı İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş kənd təsərrüfatı elmləri namizədi Mail Amanovun dediklərindən: “...22 noyabr 1988-ci ildə Ermənistan Ali Sovetinin məlum sessiyasında yeganə azərbaycanlı deputat kimi iştirak edirdim. Sessiyanın işində Arkadi Volski də iştirak edirdi. Sessiyanın gedişi vaxtı M.S.Qorbaçov KP MK-nın birinci katibi Arutunyana və Volskiyə zəng vurmuşdu. Sessiyada Volski çıxış edərək bildirdi ki, “Qorbaçov deputatlara və erməni xalqına salam göndərir və xahiş edir, sizə çatdırım ki, erməni xalqını pis gündə qoymayacaqdır. Erməni xalqı bizimlədir. Biz onları həmişə müdafiə edəcəyik”. Volski çıxışından sonra dedi ki, biz Bakıda, Gəncədə, Naxçıvanda erməni xalqına qarşı yaranmış vəziyyətə biganə qalmayıb, onların (yəni – azərbaycanlıların) qəti cavablarını verəcəyik. Harutunyan və Volski Qorbaçovla telefon danışığından sonra rayon rəhbərliyini, azərbaycanlıları rayon və kəndlərdən çıxarmaq tapşırığı ilə rayonlara göndərdilər. A.Volskinin xalqımıza qarşı xəyanətkar mövqeyi barədə Azərbaycanın o vaxtkı rəhbərliyinə dəfələrlə məlumat verilmişdi. Buna baxmayaraq Volski Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçildi”. 1949-cu ildə Nüvədidə anadan olmuş, Azərbaycan MEAnın həqiqi üzvü Fikrət Əliyevin dedikləri: – “Məlum 1988-ci il hadisələrindən sonra Azərbaycan çalxalanır və çalxalandıqca da hadisələrin cərəyanı mürəkkəbləşməkdə davam edirdi. Əzəli torpaqlarımız olan Ermənistandan azərbaycanlıların deportasiyası və Vəzirovun uğursuz hakimiyyəti vəziyyəti daha da ağırlaşdırırdı. Bunun nəticəsində də xalq özü özünü müdafiə etmək məcburiyyətində qalırdı. Bu zaman müxtəlif cəmiyyətlər yaranırdı. Bunların bir qismi şəxsi maraq, varlanmaq ehtirası, müəyyən bir qismi isə Azərbaycanın başı üstünü almış qara buludları dağıtmaq və imkan daxilində millətinin ağrılarını yüngülləşdirmək istəyindən irəli gəlirdi. 1989-cu ilin payızında Naxçıvana gedən dəmiryolu Mığrıdan bağlandı və Naxçıvan tam blokadaya düşdü. Respublikanın o vaxtkı rəhbərliyi bunu arzulayırmış kimi əlini qoynuna qoyub Naxçıvanın düşdüyü vəziyyəti uzaqdan seyr etməyə başladı. Nüvədinin də vəziyyəti çox ağır idi. Bir tərəfdən ermənilərin təzyiqi, digər tərəfdən yarıtmaz Azərbaycan rəhbərliyinin gözləmə mövqeyi, silahların camaatdan yığılması nüvədililəri tamam ruhdan salmışdı. O vaxtlar “Nüvədi komitəsi” yaradıldı, düşündük ki, onlarla əlaqə saxlayıb işlərimizi yönünə qoya bilərik. Komitə ilə xeyli iş aparıldı. O vaxtkı hökumət rəhbərlərinin məqsədyönlü naqis hərəkəti artıq öz işini görürdü: “Parçala, hökm sür”... Biz bəzi rəhbər işçilərin yanında olduq, heç biri bu işdə əməli kömək göstərmədi. Çox çətinliklərdən sonra DTK-nın Naxçıvanda olan hissələri tərəfindən Nüvədinin mühafizəsi təşkil olundu. Bir müddət keçdikdən sonra əsgərlər kənddə müxtəlif təxribatlar törədir, daha kəndi qorumayacaqlarını deyir və açıq-aydın kəndin boşalması üçün iş aparırdılar. Moskvaya, o zamankı Ali Sovetin sədri Lukyanovun qəbuluna getdim. Moskvada Ali Sovetdə işləyən həmyerlilərimin köməyi ilə Lukyanovun köməkçisi Aleksandrov məni qəbul etdi. Mən Nüvədidə sovet əsgərlərinin ayrı-seçkilik saldıqlarını, camaata olmazın əzablar verdiklərini dedikdə o: “Torpaqlar ermənilərindir, çıxın gedin, nə istəyirsiniz?” – deyib məni hədələyərək həbs etdirəcəyini söylədi. Bakıya qayıtdıqdan sonra mənə məlum oldu ki, Rusiyanın xalq deputatı Şabat Nüvədi camaatını öz torpaqlarına qaytarmaq məqsədilə Bakıya gəlib. O vaxt Nüvədi camaatı kəndi tərk edərək, qonşu Zəngilanın Vejnəli kəndində çadırlarda yaşayırdılar. Mən Şabatın məqsədini öyrənməyə getdim. Çünki Moskvadan gördüyümüzü görmüşdük. Qapıya yaxınlaşanda eşitdim ki, Şabat telefonla “Zori” deyərək sabaha görüş təyin etdi. Mən bunun Zori Balayan olduğunu bildikdə hər şey mənə aydın oldu. Bu vəziyyəti biləndə, anladıq ki, Bakıdan Vejnəliyə gedən qrupun girov düşmə təhlükəsi var. Artıq mən həmin qrupun getməsinin mənasızlığını anlayıb, onlara getməməyi məsləhət gördüm. Bundan sonra bir həftə öncə Naxçıvan parlamentinin sədri seçilmiş, xalqımızın pənahı Heydər Əliyevin yanına getməyi qərarlaşdırdım. Aeroportda vəziyyət çox pis idi, heç cür bilet tapa bilmədim. Çox çətinliklə Heydər Əliyevə zəng edib vəziyyəti ona danışdım. Həmin gün 4 dəfə telefonla danışığımız oldu. Heydər Əliyev on nəfər əsgəri, Moskvadan gəlmiş telerepartyoru və öz nümayəndəsini vertalyotla birbaşa Vejnəliyə göndərib camaatın qorunmasını təmin etdi. Naxçıvandan camaata vaxtaşırı maddi, mənəvi və digər yardımlar da edildi.” 1989-cu ildə çox çətinliklə də olsa çap etdirdiyim (“Ulduz” jurnalı, həmin il, 10) “Həqiqət kar deyil” yazımdan sətirlər düşür yadıma. “... Bunlar da bizim günlərin acınacaqlı dərsləridir və məzmun baxımından 1918-1920-ci illərin Zəngəzur dəhşətlərindən seçilmir. Mığrı hadisələri bu ilin nə ilk azğınlığıdır, nə də son. Qafan, Masis, Vedi, Vardenis, axırda da Mığrı. Bütün Azərbaycan xalqı 1988-ci ilin sonunda Ermənistan zəlzələsi xəbərini ürək ağrısı ilə qarşıladı, ilk baş sağlığını respublika partiya təşkilatı və hökuməti verdi, ilk kömək əlini Azərbaycan xalqı uzatdı... Sonra yeni fəlakət baş verdi. Bakıdan uçub Leninakana çathaçatda “naməlum səbəbdən” qəzaya uğrayan təyyarədə onlarla gənc azərbaycanlı həlak oldu. Təkcə Ermənistanın, Azərbaycanın deyil, bütün SSRİ-nin bu ağır günlərdə ekstremist qruplar, millətçi, daşnak tör-töküntüləri könül bulandırmağa, “Qarabağ! Qarabağ!” qışqıraraq ara qızışdırmağa da vaxt və imkan tapdılar. Erməni millətçiləri nə qədər haray-həşir qaldırsalar da, böhtanlar, yalanlar, təhqirlər yağdırsalar da, günlərimizin acı həqiqətləri göz qabağındadır. Həqiqət qışqırmaq bacarmır, əyninə don geymir. Həqiqət kar deyil, hər şeyi eşidir, kor deyil, hər şeyi görür. Milyonlarla adamı işindən-gücündən, evindən-eşiyindən eləyib Azərbaycanın küçələrinə çıxaran həqiqətin gözləri, həqiqətin səsi idi. Həqiqətə çox vaxt lap axırdı söz verirlər. O, söz alanacan nazilir, amma qırılmır.