Nüvədi kəndinin ağsaqqalları və ağbirçəkləri
Ağsaqqala, böyüyə hörmət nüvədililərin müqəddəs amalıdır. Nüvədi kəndinin ağsaqqallarından Sultanəli Əliyev, Məşə Səfi, Usta Vəli, Əli Həziyev, Mir Yaqub, Məşədi Atakişi, Kərbəlayı Allahqulu, Abdulla Bəy, İsmayıl Qəhrəmanov, Gödək Qara, Məşədi İsa, Dünyamalı Məmişov, Dünyamalı Hüseynov, Dadaş Tarışov, Əliməmməd Məmmədov, Gülü İbadov, Pənah Babayev, Həbib Zamanov, Məşədi Qurban, Xanəli Qurbanov, Oruc Quliyev, Oruc Babatov, Agalar Babatov, İsa, Musa Cəfərov qardaşları, Adil, Kamil Rzayev qardaşları, Abbas Məmmədov, Nuru Qurbanov, Yarış Abbasov, Kəlbəli Əliyev, Ramazan Piriyev, Sultan Qəhrəmanov, Baxşəli Abbasov, Məmməd Həsənov, Öüdrət Mövsümov, Məhəmməd Əliyev, Əmir Əliyev, Səhləli Əliyev, Əlimurad Allahverdiyev, Ələsgər Babatov, Orucəli Qurbanov, Şahsuvar Hüseynov, Əhəd Quliyev, Hüseyn Qurbanov, Əhəd Mövsümov, Musa Yusifov və başqaları kənd camaatı tərəfindən həmişə xatırlanır, yad olunur.
Azərbaycanın hansı bölgəsində yaşamalarından asılı olmayaraq nüvədililər kənd ağbirçəklərindən və ağsaqqallarından yüz yaşlı Zəhra Həsənovanı, Balakişi Həsənovu, Qulu Quliyevi, Qoşunəli Əhmədovu, Məmiş Qurbanovu, Eynulla Cəfərovu, Zaman Quliyevi, Mahmud Həsənovu, Məmmədxan İsgəndərovu, Ağaməli Hüseynovu, Peyğəmbər övladı, yeddinci İmam Museyi-Kazımın nəvəsinin davamçısı Mir Kazım Mir Yaqub oğlunu və onlarla başqalarını tez-tez arayır, hal-əhval tutur, onların dəyərli məsləhətlərindən yararlanırlar.
Nüvədi həm də ziyalılar kəndi olub, kənd camaatı buradan çıxmış alimləri, müəllimləri, həkimləri, aqronomları ilə fəxr edir. Ermənilər həmişə Nüvədini “alimlər kəndi” adlandırırdılar. Nüvədi kəndində ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə camaatın savadlanması qayğısına qalır, çətinliklə də olsa, məqsədlərinə nail olurdular.
Nüvədi kəndi Mığrı rayonu ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonun 6 min nəfəri azərbaycanlılar idi.