Bu yazını mənə yazmağa vadar edən nənəmin 2 dəfə qaçqınlıq həyatı və ikinci qaçqınlıqda canlı şahidi olduğu səhnəni qələmə almaqdır.
Quliyeva Göyərçin (evlilik soyadı) Əmiraslan qızı 1894-cü il Nüvədi kəndi, güman edirəm ki, onun öz soyadı Abbasovadır. Çünki Cəlal Abbasovla əmiuşağıdırlar. Onun haqqında çox qısa söhbət açacam. El arasında hamı onu Durna kimi tanıyıb. Biz nəvələri isə, onu Ağa nənə deyə çağırırdıq. Doğrudan da qoyduğumuz ada layiq bir nənə idi. Bu hadisələri danışanda ağlımıza gəlmirdi ki onları qeydə alaq. Atama daim dəyərdi ki, doğmalarım İranın Xoy və Qum şəhərində qalıblar. Mən bəzən düşünürdüm ki, nənəm həm Nüvədili, həm də, İranlıdır.
Onun canlı şahidi olduğu bir hadisəni paylaşmaq istərdim. O hadisəni danışanda mən nədənsə Ağ zəmi ilə Camal əmimin evinin düz səmtində Turşəngli dərənin dar və burulqan bir hissəsi var idi, oranı gözümün önündə canlandırıram.
Danışardıkı, iki ay idi ki, Əli bəy adında bir oğlanla evlənmişdik. Payız ayları idi. Qız-gəlinlər dağlara əzgil yığmağa getmişdilər. Buranı da, məkan olaraq Mülüşü meşəsini təsəvvür edirəm. Bir də baxdıq ki, bir uşaq qara nəfəs özünü kəndə çatdırdı. “Durmayın, qaçın! Əli bəyi də, qız-gəlini də öldürdülər. Qoyun sürülərini də apardılar”. Mən dayım arvadı Zinyət ilə qaçıb bir hündür təpəyə çıxıb gözləndik. Onda gördük ki, ermənilər kəndimizə hücum etdilər. Qaça bilməyənləri dərəyə toplayıb xəncər-nizədən keçirtdilər. Sonra evəri talan etdilər. Tam sakıtlik olandan sonra dərəyə tərəf yaxınlasdıq. İnilti səsi gəlirdi. Ana al-qan içində, qucağındakı uşaq isə yaralı idi. Ana and verdi ki, sizi Həzrət Abbas uşağı da aparın. Uşağın qulağına nizə dəymişdi. Uşağı özümüz ilə götürüb bilmədiyimiz bir səmtə yola düşdük. Uşaq bərk ağlayırdı. Düşündüm ki, bəlkə acdır. Cibimdə yarım qoz ləpəsi var idi ağzına qoydum ki yesin. Yolun çoxunu getmişdik ki uşaq canını tapşırdı. Qoz ləpəsi yanağında qalmışdı. Çox fikirləçdik ki nə edək!? Körpə cəsədi ağacın hacasına qoyub yolumuza davam etdik. Hava soyuq idi. Payız fəsli olduğu üçün otların üstü şeh bağlamışdı. Bir də gördük ki otların üstündə ayaq izləri var. Qorxub yenə gizləndik. Ətrafda kimsə yox idi. Bir də baxdıq ki, sən demə gəlib Zəngilana çatmışıq. Sevincimizdən bir-birimizə sarılaraq, oturub hönkür-hönkür ağladıq.
Oxşar tale nənəmlə babam Cavadı Zəngilanda qovuşdurur. O vaxtlar babamın da atasını, qardaşını və həyat yoldaşını ermənilər öldürübmüş. Babam rəvayət edirdi ki, qardaşı ot tayasında gizlənibmiş, ermənilər onu ot tayasından salıb sənə ilə öldürüblər.
Babamgil qaçqınlıqdan əvvəl Yuxari kənddə yaşayırmışlar. Qırğın vaxtı onlar da, Zəngilana pənah aparıblar. Qayıdışdan sonra Yuxarı kənddə yaşayış çətin olduğundan Marazəmiyə köçüblər.
Nənəm öz zəmanəsinə görə yaşıdlarından çox fərqlənirdi. Namaz qılar, oruc tutardı. Orucluq bitəndə fitrə verərdi. Kəndimizdə Fəxri adında kimsəsiz bir qadın var idi. Daim fitrə pulunu ilk öncə ona verərdi. Fitrə pulunu nəvələrinin əlimə toxundub verərdi. Bu ən-ənəni indi mən davam etdirirəm onun davamçısı olaraq.
Nənəmin 4 oğlu, 3 qızı olub. Bu səbəbdən Şura höküməti ona tikiş maşını hədiyyə edibmiş. Hərdən etdiyi züm-zümə yadıma düşür;
Şura çoxdan gələydi,
Bizə torpaq verəydi...
Çox qabiliyyətli idi, tikiş tikər, xalça-palaz və xurcun toxuyardı. Sanki fitri bir istedadı var idi. Anam Mina ilə kəndin qız-gəlinlərinə paltar tikərdilər. Xalq təbabətinə çox marağı var idi və bu işlə həvəslə məşgul olardı. Müxtəlif otlardan və torpaqda bitən hər bitkilərdən, meyvədən müalicə üçün bir çox şeylər düzəldər, dəmləmələr, tamponlar, məlhəmlər hazırlayardı.
Cilədağ otunun kökünü çıxarıb təmizlədikdən sonra onu quyruq yağı ilə döyüb tampon düzəldərdi. Bunu ən çox qadın xəstəliklərində istifadə edərdi. Məsəslən: Boymadərənin çiçəklərindən dəmləmə hazırlayırdı. Bibim Bəyimnaz tez-tez sancılanardı. Nənəm dəmləmədən bir xörək qaşığı ona içirtdikdən sonra, sancısı keçərdi. Öz kəndimizlə yanaşı ətraf kəndlərin də mamaçası olub. O, yeni doğulan usaqların göbəyini kəsər, övladı olmayan qadınların müalicəsi ilə məşğul olardı. Naxçıvandan, Ordubaddan, hətda üzdəniraq qonşularımızdan da yanına gələrdilər. Kömək lazım olanda bəzən məni çağırardı.
Atam Şərif nənəmin türkəçarə müalicələrinə o qədər də xoş baxmırdı. Daim deyərdi: “Kiməsə nəsə olsa, el-oba içində rüsvay olacağıq. Məni bir gün sənə görə partiya sıralarından uzaqlaşdıracaqlar”. Amma bütün bunlara məhəl qoymayan nənəm, öz müalicələrinə atamdan gizlin də olsa davam etdirərdi.
O, xeyir-şər adamı olub. Yəni toylarda məclisləri canlandıran, yaslarda isə ağı deyib ağlayan biri olub. Çoxlu mahnılar, bayatılar və tapmacalar bilirdi. Bizə də çox tapmacalar deyərdi. Yadımda sadecə biri qalıb:
Nənəmin bu qabiliyyətindən çoxları xəbərdar idi. Ona görə universitetlərin birində çalışan, əslən Nüvədili olan, Ağaməli müəllim folklor yazan bir nəfər göndərmişdi ki, onun bildiklərini qələmə alsın.
Nənəmin səs yazısını 1975-ci ildə əmioğlum Eyvaz kasetə köçürüb. Çox təəssüf ki, kasetin üzərinə başqa bir yazı köçürüldüyü üçün 45 dəqiqəlik səs yazısının, yalnız 7 dəqiqəsi nənəmin səs yazısıdır. Buna da çox Şükür!
Allah ona rəhmət eləsin!
Əvvəllər barama əldə etmək üçün hər bir təsərrüfata barama qurdu paylayardılar.
Bu çox çətin və zəhmət tələb edən bir iş idi. Qurdlar barama bağlayandan sonra uşaqdan böyüyə kimi hamı barama dərməyə toplanardı.
İnsanlarda işə həvəs yaratmaq üçün mahnı oxuyar, şeir deyər və nağıl söylərdilər. Mətləb müəllimin nənəsi Gülüstan nənə ən çox “Tık-tık” xanımın nağılını danışardı. “Tık-tık” xanımın Siçan bəyə olan müraciətini başqa bir yumoristik tərzdə söyləyərdi:
Ey, yolunnan gedən,
Tappur-tuppur atlılar,
Əli qamçı-bar atlılar.
Gedirsiz, Siçan oğlu Suluğ bəyə:
Bölgü dilig-dilig bəyə,
Deyin ki, cadra kəsən Püstəcahan
Aləmican dərin-dərin,
Dəryalara qərq olub.
Durmasın, gəlsin!