Maralzəmi kənd məktəbi:
(1930-1982)
Maralzəmi kənd məktəbinin tarixi 1930-cu illərdən başlayır. O dövrdə, SSRİ-də maarifənmənin hələ yeni yayıldığı vaxtlarda, azərbaycanlı ailələrin övladlarına da savad vermək üçün ilk addımlar atılırdı. Lakin bunun üçün kəndlərdə məktəb yox idi. O cümlədən Maralzəmidə də elmin, maariflənin vacibliuini dərk edən insanlar çox idi. Lakin məktəb tikməyə heç kimin imkanı yox idi. Kənddə elmin, maariflənmənin vacibliyini dərk edərək bu yolda ilk addımı atanlar, hətta öz evinin bir otağını uşaqlara dərs keçmək üçün verənlər olub. Kənd camaatının elmlənməyə olan sevgisi, nəticədə balaca da olsa bir məktəb tikilməsi ilə nəticələnib. Bu məktəb sadə bir quruluşlu, cəmi iki otaqdan ibarət olub. Burada şagirdlər ibtidai təhsil alır, biliklərə nail olurdular. Bu məktəbdə nəinki Maralzəmi kəndinin uşaqları, hətta kəndə yaxın məsafədə olan Tey kəndinin uşaqları da təhsil alırdılar. İbtidai sinfi kənddə bitirən şagirdlər təhsillərini davam etdirmək üçün digər qonşu kəndlərə getməyə məcbur qalırdılar. Bu çətinliklərə baxmayaraq Maralzəmililərin elmə, savada olan sevgisi tükənmirdi. Kənd camaatının tikdiyi bu məktəb 1964-cü ilədək fəaliyyətini davam etdirmişdir.
1964-cü ildə Meğri Maarif idarəsi, Maralzəmi kənd kolxozu və sakinlərinin fəaliyyəti sayəsində kənddə yeni, daha geniş bir məktəb inşa edildi. Bu təhsil ocağının tikintisində bütün kənd sakinləri böyük əmək sərf etdilər.
Maralzəmi məktəbində çox sayda pedaqoq bilik və bacarıqlarını gələcək nəsillərə ötürmüş, onların həyatında müsbət rol oynamışdır. Burada müxtəlif vaxtlarda Babaş Babayev, Nəriman Rəhimov, Muradəli Babayev, Tağı Həsənov, Şərgiyə Adırova, Qüdrət Orucov, Qüdrət Babayev, Kərim Rzayev, Bəxtiyar Orucov, Hidayət Orucov, Bəhrəm Quliyev, Əli Əliyev, Oqtay Həsənov, Nəzakət Əliyeva, Əzizə Quliyeva, Elmira Əliyeva, Manaf Rəhimov, Elbrus Babayev və s. müəllimlər pedaqoji fəaliyyət göstərmişdilər. Yeni kənd məktəbi tikiləndən(1964) bağlanana(1982) kimi Qüdrət Babayev uzun illər məktəbin direktoru olmuş və 50,60,70-ci illər doğumlu Maralzəmililərin təhsil almasında xüsusi yeri olmuşdur.
Maralzəmi kənd məktəbi elm ışığı yayan bir mərkəz idi. Burada təhsil alan şəxsiyyətlər arasında alimlər, mütəxəssislər, dövlət xadimləri və tanınmış ziyalılar vardır.. Kənd gəncləri burada bilik qazanıb sonra ali təhsil ocaqlarına yollanmış, dövlət və ictimai fəaliyyətləri ilə xalqımıza öz töhfələrini vermiş və kəndimizin fəxr edilən insanları olmuşlar.
Lakin ermənilərin məkirli siyasətləri nəticəsində ali təhsil alan gənclərimizin iş olmama səbəbindən kəndə qayıda bilməməsi və azərbaycanlılara qarşı aparılan siyasət Maralzəmi məktəbinin tarixinin sonunu gətirib çıxardı. Mığrı rayonunun digər azərbaycan kəndlərində olduğu kimi, burada da erməni rəsmiləri təhsil imkanlarını məhdudlaşdırır, azərbaycanlı gənclərin təhsil almasını çətinləşdirmək üçün müxtəlif maneələr yaradırdılar.
Nəticədə, 1982-ci ildə Maralzəmi kənd ibtidai məktəbi qapadıldı. Kənd sakinləri övladlarını oxutmaq üçün 3 km aralıda olan qonşu Lök kəndinə göndərmək məcburiyyətində qaldılar.
Əfsuslar olsun ki, sonuncu 1988-ci il deportasiyasından sonra Maralzəmi kənd məktəbi tamamilə dağıdılmışdır.