Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar

Mığrı (Meğri) rayonunun Maralzəmi kəndi

Maralzəmi kəndi - Mığrı rayon mərkəzindən 12 km şimalda, Mığrı çayının sol sahilində yerləşir. Adından göründüyü kimi kəndin adı marallar oylağı anlamına gəlir. Coğrafi relyefi əsasən dağlıq, meşəlik, sıldırım qayalıqdan ibarətdir. Əhalinin milli tərkibi həmişə türklər olub. Kəndin yaranma tarixi dəqiq məlum olmasa da orada olan tarixi  abidələr kəndin çox qədim zamanlardan yaranmasına əyani sübutdur. Kəndin ərazi və əhalisi digər kəndlərlə müqayisədə kiçik olsa da, kənd əhalisinin özü coğrafi cəhətdən kəndi dərə adları ilə bir neçə hissəyə bölmüşdür - Sultan dərəsi, Cəbi dərəsi, Misgər dərəsi, Zoğallı dərə və kəndin ən qədimi məhəlləsi olan Seyidlər məhəlləsi. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, baramaçılıq və sairə olmuşdur. Seyidlər məhəlləsinin bəzi sakinləri keçən əsrin ortalarında Cəbi- Sultan dərələrinin sağ və sol yamaclarında məskunlaşmış, bəziləri isə Mığrı rayon mərkəzinə, Lehvaz və digər kəndlərə köçmüşlər. Maralzəmidə qalan Seyid Möhsün, Lehvaza köçən Seyid Hüseyn, Mığrıya köçən Seyid İbrahim olmuşdur.

Maralzəminin ən hündür nöqtəsində Seyid Əhməd bulağı yerləşirdi. Bura eyni zamanda Maralzəmi sakinlərinin və kəndə qonşu olan Lök sakinlərinin də ziyarətgah yerlərindən biri idi. Yayda camaat yuxarı kənd deyilən yaylağa cığır yolla köç edəndə və ya qayıdanda həmişə bu bulağın üsdündə süfrə açar, orada mövcud olan iri sal daşlar arasına nəzir məqsədi ilə dəmir sikkələr qoyardılar. Bu məkanın ən maraqlı cəhəti onda idi ki, həmin yüksəklikdən baxanda Mığrı çayının sağ sahilində yerləşən Zeyvə piri və daha uzaqda yerləşən Buğukar piri adlanan ziyarətgah aydın görünürdü. Həmin bu dediyimiz Zeyvə pirində Məşədi Mirəfsərağa dəfn olunmuşdur və o pirin ətrafına kənd qəbirstanlığı salınmışdır. Bura da maralzəmililərin və eləcədə ətraf türk kəndlərinin ziyarətgah yerləri idi.  

Maralzəmi dağları faydalı qazıntılarla - qızıl, mis, molibden və digərləri ilə çox zəngindir. Hələ keçən əsrin əvvəllərində inglis və fransız mütəxəsislər bu ərazilərə gəlmiş, bir sıra qazıntı işləri aparmışdılar və həmin görülən işlərin izləri indiyədək qalır. Misgər dərəsi deyilən ərazidə mis qalıqları və həmin yerdə mis mədənləri mövcuddur. Bundan başqa Buruqlu Güney, Turşehli Dərə, Xudayar, Çeşməsi, Dib Cəvizlər deyilən sahələrdədə mədənlərin izləri mağara şəklində mövcuddur.

1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyası zamanı 1899 cu il təvəllüdlü babam Əvəz Bağırov hələ sağ idi. Köç vaxtı mənə dedi ki 3-cü dəfədir ki həyatımda Zəngilana qaçqın düşürəm. Babam 1905-1918 illərdə ermənilərin Azərbaycan kəndlərinə hücumu, Azərbaycan əhalisinə bunların necə dəhşətli işgəncələr veriməsi barədə mənə ürək ağrısı ilə danışırdı. Ermənilərə xas olan bütün vəhşi metodlarla- qadınların kürəyinə qaynar samovar bağlamaq, ayaqlarını nallamaq və sair kimi işgəncə növləri yerli türk əhalisinə tətbiq etmişdilər. Eyni zamanda bu erməni vəhşiliyi yerli, cəsur türk kişiləri tərəfindən cavabsız qalmırdı.

Mülüşü suyu- kəndin ən şimalında Mığrı çayının bir qoludur. Çayın mənbəyi çox hündürlükdə olan Mülüşü meşəsindən başlayır. Lap qədimlərdən keçən əsrin əvvəllərinə qədər bu çayın adı Mülüşü suyu olubdur. 1905-1918 ci illər arasında bir hadisə bu çayın adına 2-ci bir ad qatdı. Azərbaycan əhalisinə xüsusi qəddarlıqı ilə seçilən Poqos adlı erməninin başını həmin Mülüşü çayının sahilində Məşədi Səfər adlı igid üzərək məhv etmişdir. Elə o vaxtdan həmin yeri ikinci adı Buğusölən oldu.

Maralzəminin şimali-şərqində, təxminən dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Maralzəminin yaylağı - Yuxarı kənd yerləşirdi. Yayda əhalinin bir hissəsi, əsasən maldarlar bu yaylağa köç edərdilər. Kəndin qədimliyini sübut edən ən bariz nümunələr Duzlaq deyilən ərazidə mövcud olan qoç heykəlləri idi. Son illər Mığrı erməniləri bu heykəlləri gətirib Mığrı rayon mərkəzinin dairəvi Çinar parkına yerləşdirdilər və ermənilərə məxsus abidə kimi tanıtmaqa çalışdılar.                       

Keçən əsrin əvvələrində başlanan erməni qətliyamları bolşeviklər hakimiyyətə gələndən sonra səngisədə daha sonra yumşaq formada yenədə davam etdi. 1930-1960 cı illərdə rayon partiya komitəsində, icraiyyə komitəsi, rayon polis idarəsi və sair dövlət orqanlarında 2-ci şəxs və bir neçə nəfər türk olduğu halda 80-ci illərdə bu vəzifələrdə bir nəfərdə azərbaycanlı qalmamışdı. Ali məktəb və ya texnikumu bitirən bütün gənclər işlə təmin olmadıqlarına görə məcburiyyət qarşısında qalıb Azərbaycana, Rusiyaya, Qazaxıstanda və ya başqa ölkələrdə yaşamaqa üz tuturdular.

1988-ci il 23 noyabr- son deportasiya zamanı bütün azərbaycanlılar kəndi zorla tərk etdi. Bir həftə keçməmiş ermənilər kəndin adın dəyişərək Txkut (Maral) qoydular.