Maralzəminin payızı torpağa bərəkət, insanlara isə xatirələrlə dolu günlər bəxş edirdi. Sentyabr, oktyabr, noyabr aylarında kəndin hər bir guşəsi həyatla dolu olurdu. Bağlardan, bostanlardan meyvə və tərəvəz yığımı başa çatır, qarğıdalı, üzüm, maş, ceviz, alma, payız yoncası və kartof tədarük edilirdi. Kənd əhli bu aylarda qışa hazırlaşır, odun və ot ehtiyatı toplanırdı. Üzüm, ceviz yığılandan sonra kənd uşaqları peşəriyə gedər, qora üzümünü yığıb yeyərdilər.
Kolxozun illik gəliri əmək gününə bölünərək bir dəfə paylanırdı. Mal-qara, qoyun, toyuq əti bol və münasib qiymətə idi. Pendir, yağ və bal tədarükü əsasən payız və yay fəsillərinə təsadüf edirdi. Bal ya yaylaqda, ya da Maralzəmi kəndində süzülürdü. Hər evdə şərab tədarükü də adi bir ənənə halına gəlmişdi. Yayın əvvəlində barama dərilir və barama idarəsinə təhvil verilirdi.
Payız həm də toy mövsümü idi. Toylar klubda və ya açıq havada, mərkəzi küçədə keçirilirdi. Küçələr əvvəlcədən təmizlənir, suvarılır və ortasına uzun süfrələr düzülürdü. Toy mərasimlərində kəndin insanları birlikdə iştirak edir, şənliklər uzun gecələrə qədər davam edirdi.
Ovçuluq da payız və qış aylarının ayrılmaz bir hissəsi idi. Rəhmətlik Abbas dayı Davudov kəndin baş ovçusu sayılırdı. Onunla birlikdə Davudov Bayram, Davudov Ülfət, Bağırov Məhərrəm, Bağırov Ağa, Rəhimov Hafiz kimi peşəkar ovçular da var idi. Kəndin kişiləri çay sahilində, bulaq başlarında və ya fermaların yaxınlığında toplanar, ov etdikdən sonra kabab, xaşlama və digər təamlar hazırlayardılar. Bəzən maşın farasının işığında axşam yeməkləri təşkil edilirdi.
Payızın gəlişi ilə gənclərin hərbi xidmətə yola salınması və qarşılanması da bir ənənəyə çevrilmişdi. Bu mərasimlər təmtəraqlı keçirilərdi. Camaat əsgər gedənləri Mığrı dəmir yolu stansiyasına qədər yola salardı. Kənd əhli xeyir-şər işlərində heç zaman bir-birindən ayrılmaz, hər kəs əlindən gələni edərdi.
Çəlləklərdə turşular tədarük edilir, təndirlərdə lavaş bişirilirdi. Avacalar* çörək yaymaq üçün bir araya gələr, evlərdə bərəkət bol olardı. Xeyir-şərdə yeməkləri rəhmətlik Mahmud dayı, Çiçək xala və Gülnüsə əmicanı hazırlayaradı.
Xatırlayıram ki, qış fəsli kəndə qədəm qoyan kimi evlərdə "Xəşil" bişirilərdi. Anam işdə çox məşğul olduğuna görə, Əsi xalam gəlib bişirərdi. Hamımız süfrə başına yığışardıq. Xəşilin üstünə kərə yağı, bal və ya doşab töküb, böyük iştahla yeyərdik. Xəşil bizim qədim yeməyimizdir.
Bütün bu hadisələr, indi keçmişin dəyərli xatirələrinə çevrilib. Maralzəminin zəhmətkeş insanları daim bir-birinə dayaq olub, həyatın çətinliklərinə birlikdə sinə gəriblər.
Babayev Elbrus Qüdrət oğlunun xatirələri
*Avaca - lavaş yayanlara deyirdilər