İyunun 13-də Qərbi Azərbaycan İcmasının Mığrı rayon icması Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Mığrı İcmasının sədri, akademik Fikrət Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev və başqaları çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev o dövrdə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev müstəqil dövlətimizin sarsılmaz bünövrəsini quraraq onu inkişaf yoluna çıxardı. Bu gün Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Azərbaycanı qüdrətli dövlətə çevirib.
Natiqlər dövlət başçısının siyasəti nəticəsində Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıdacaqlarına inam ifadə ediblər.
Qeyd edək ki, tədbirdə Mığrı rayonu üzrə kənd icma sədrləri və liseyin şagirdləri iştirak ediblər.