31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Gallery Image 1

Bakı, 30 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da qəbul edilmişdir. Müvafiq təklifi respublika parlamenti təsdiq etdikdən sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirilmişdir. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc nöqtəsi idi. Əslində, bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyulmuşdur.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərmişdir. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilmişdir.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmişdir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini də uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Hazırda beş qitədə, dünyanın əksər ölkələrində 200-dən çox Azərbaycan icması üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləmişdir. Bu gün bütün dünya azərbaycanlıları həmrəylik gününü qeyd edir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Azərbaycan xalqı böyük xalqdır. Bizim hamımızın bir Vətəni vardır - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

  • Slide 2
  • Slide 2
  • Slide 2
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar