Vartanizor (Lök) – Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km şimal-şərqdə, Mığrı çayının orta axınının sol sahilində yerləşmişdir. Erməni mənbələrində Vartanizor kəndi iki hissədən: birincisi Vartanizor, yəni Aşağa Vartanizor və Yuxarı Vartanizordan (buraya Lök və Seyidlər kəndləri daxil olmuşdur) 410 ibarət olmuşdur. Dəniz səviyyəsində 1814 metr yüksəklikdə yerləşir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər əhalisi olmuşdur. 1918-ci ildə Andranikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edirlər. I Vartanizorda 100 tüstü, II Vartanizorda 60 tüstü dağıtmış və 200 nəfər əhali qırmışlar. Lök (Vartanizor) kəndi bir neçə il sahibsiz qalmış, xarabalığa çevrilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra tədricən rayonun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına qayıtmağa başlamışlar. Vartanizor kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmışdır. 1926-cı ildə onların sayı 187 nəfər, 1931-ci ildə 243 nəfərə çatmışdır. Kəndə qayıtmış didərginlər əvvəlcə dağıdılmış yaşayış binalarını bərpa etməyə, təsərrüfatı dirçəltməyə başlamışlar. Kəndlilər bağçılığı, meyvəçiliyi, taxılçılığı, tərəvəzçiliyi inkişaf etdirərək qısa müddətdə özləri üçün güzəran yaratdılar. 1930-cu illərdə kolxoz qurdular, üzüm və başqa meyvələrin tədarükü məntəqəsini yaratdılar. Özləri üçün yeni yaşayış binaları tikdilər. Ümumi milli ayrı-seçkiliyə baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino qurğusu, məişət xidməti emalatxanası təşkil edilmiş, tibb məntəqəsi açılmışdır. 1988-ci ilin noyabrında rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uşaqlara, qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmişlər. Kənddə kolxozun bütün mülkiyyəti, kolxozçuların evləri, bağları və ev əşyaları əllərindən alınmışdır. Əməkdar jurnalist, yazıçı, publisist, tarix elmləri namizədi, uzun müddət “Sovet Ermənistanı” qəzetində redaktor müavini, redaktor və Ermənistan SSR Təhsil nazirinin müavini işləmiş İsrafil Məmmədov, yazıçı Azər Abdulla bu kənddə anadan olmuşlar.