1.8.1938. Zəngəzur mahalı, Mığrı (Meğri) bölgəsi, Lök kəndi
Dövlət xadimi, kənd təsərrüfatı sahəsində mütəxəssis
Mürvət Əliş oğlu Cavadov 1938-ci ilin 1 iyulunda Mığrı (Meğri) rayonunun Lök kəndində dünyaya gəlib. O, 1945-ci ildə Lök kəndində 1-ci sinfə qəbul olunub və 1955-ci ildə Aldərə kənd orta məktəbini bitirib. 1956-cı ildə Bakıda Azərbaycan Politexnik Texnikumuna daxil olub və 1959-cu ildə həmin təhsil ocağını məzuniyyətlə başa vurub.
Hərbi xidmətini 1960-1962-ci illərdə yerinə yetirib və xidmətini başa vurduqdan sonra 1962-ci ilin aprelində Mığrı (Meğri) rayonunda Kənd Təsərrüfatı Texniki Təchizat idarəsində əmək fəaliyyətinə başlayıb. 1965-ci ildə Mığrı (Meğri) rayon partiya komitəsində təlimatçı vəzifəsinə təyin olunub və burada həm də siyasi fəaliyyətə qoşulub.
Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsil alıb və bu təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1971-ci ildən Mığrı (Meğri) rayon partiya komitəsində ümumi şöbənin rəisi vəzifəsini icra edib. 1982-ci ildə Mığrı (Meğri) rayon icraiyyə komitəsinin sədrinin 1-ci müavini vəzifəsinə irəli çəkilib və 1988-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
1990-cı ildən 2009-cu ilə qədər Azəbaycan Dövlət Neft və Tikinti Trestində baş mexanik olub. 2009-cu ildən isə Azərbaycan Prezidentinin fərmanı ilə dövlət qulluğu pensiyasına təyin edilib.
Mürvət Cavadovun həyat yolunda dövlət xidmətindəki uzunmüddətli fəaliyyətinin, kənd təsərrüfatı sahəsindəki uğurlarının və yerli idarəetmədəki töhfələrinin əhəmiyyəti böyükdür. Onun fəaliyyəti yalnız iş və vəzifə ilə bağlı deyil, həm də cəmiyyətə verdiyi dəyər və göstərişlər, bir nəsil üçün örnək olmuşdur.
18.05.1925 - 6.02.2004. Zəngəzur mahalı, Mığrı (Meğri) bölgəsi, Lök kəndi
Dövlət xadimi, pedaqoq, Böyük Vətən Müharibəsi veteranı
Əvəz Əliş oğlu Cavadov 1925-ci il may ayının 18-də Mığrı rayonunun Lök kəndində dünyaya gəlib. Gənclik illərində II Dünya Müharibəsi baş vermiş, o da cəbhəyə yollanmışdır. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş, qvardiya kapitanı rütbəsinə qədər yüksəlmişdir. Berlinin alınmasında, Varşavanın azad edilməsində iştirak etmiş, göstərdiyi igidliyə görə “Qırmızı Ulduz” ordeni, “Varşavanın azad edilməsi”, “Berlinin alınması uğrunda” medalları da daxil olmaqla 12 müxtəlif medal və ordenlə təltif olunmuşdur. 30 aprel 1945-ci ildə “İgidliyə görə” medalı, 21 fevral 1987-ci ildə isə I dərəcəli Vətən Müharibəsi Ordeni ilə mükafatlandırılmışdır.
Müharibədən sonra təhsilini davam etdirmək məqsədilə 1954-1958-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Təhsilini başa vurduqdan sonra uzun illər Mığrı rayonunda və doğulduğu Lök kəndində müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, Mığrı Texniki Peşə Məktəbinin direktoru, Lök kənd kolxozunun sədri, Mığrı kənd təsərrüfatı texnikası idarəsinin rəisi, Lök kənd orta məktəbinin direktoru kimi vəzifələrdə fəaliyyət göstərmişdir.
1988-ci ildə Ermənistan SSR-də baş verən hadisələr nəticəsində deportasiya olunaraq, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Burada da əmək fəaliyyətini davam etdirərək, “Zavod 26” mülki müdafiə şöbəsinin rəisi, Bakı şəhəri 207 nömrəli məktəbin əməkdaşı və Nəsimi rayonunda yerləşən 111 nömrəli orta məktəbdə tarix müəllimi vəzifələrində işləmişdir. Əvəz Cavadovun həyatı və fəaliyyəti hər zaman gənc nəslə örnək olmuşdur. Müharibədən sonra xüsusilə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət ayırmışdır. O, Nəsimi rayonu Veteranlar Şurasının prezidium üzvü və komissiya sədri kimi də fəal iştirak etmişdir.
Əvəz Əliş oğlu Cavadov 2004-cü il fevralın 6-da Bakıda vəfat etmişdir. Onun məzarı Saray qəbiristanlığındadır. Həyat yolu, döyüş və əmək fəaliyyətləri, ictimai işlərdəki fəallığı onu tanıyanlar üçün daim yaddaşlarda qalacaqdır.
1914–1998. Zəngəzur, Meğri, Rusiya imperiyası, Bakı.
Azərbaycan alimi, biologiya elmləri namizədi
Əmir Hüseynov 25 may 1914-cü ildə Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş, 1932–1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinə daxil olmuş və 1940-cı ildə onu fərqlənmə ilə bitirmişdir.
1940-cı ilin oktyabr ayından – 1941-ci ilin iyun ayına qədər Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır.
1941–1945-ci illərdə Böyük Vətən Müharibəsinin Şimali Qafqaz, 3-cü və 4-cü Ukrayna cəbhələrində xidmət etmiş, 1944-cü ildə Moldovada ağır yaralanmışdır. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun "Pambığın seleksiyası" şöbəsində baş elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
15 may 1953-cü ildə "Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və 1954-cü ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1955–1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Ağstafa Təcrübə Məntəqəsinə rəhbərlik etmiş və tezyetişən, qısa veqetasiya müddəti olan pambıq sortlarının seleksiyası ilə məşğul olmuşdur. 1960-cı ildən Gəncəyə qayıdaraq ömrünün sonuna qədər bu sahədə yüksək səviyyədə işini davam etdirmişdir.
Onun yaratdığı 3038 pambıq sortu 1976-cı ildən Azərbaycanda rayonlaşdırılmış və 1983-cü ildə respublikada 230,000 hektar sahədə əkilmişdir. Hazırda da bu sort Azərbaycanda becərilir.
Əmir Hüseynov 6 nəfər elmlər namizədi yetişdirmiş, 51 elmi əsəri və pambıq sortlarının aqrotexnikasına aid təlimatları çap olunmuşdur.
1944-cü ildə Vətən Müharibəsi Ordeni ilə təltif olunmuş, 1977-ci ildə "Əməkdar elm xadimi" fəxri adı verilmiş, 1978-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1980-ci ildə 3038 pambıq sortunun yaradılması və Azərbaycanın kənd təsərrüfatına tətbiqinə görə Dövlət Mükafatına layiq görülmüşdür.
Əmir Hüseynov 6 avqust 1998-ci ildə 84 yaşında vəfat etmişdir.
1940–2021. Zəngəzur, Qərbi Azərbaycan, Bakı.
Şair, yazıçı, publisist
Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) 1 aprel 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967).
Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamışdır (1967–1969). İlk şeir və hekayələrini dövri mətbuatda çap etdirmiş, "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru olmuşdur. Azər Abdulla 1986-cı ildə "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış etmişdir.
Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
İsrafil Süleyman oğlu Məmmədov - (8 noyabr 1927, Zəngəzur qəzası, Mığrı (Meğri), Əmrəkar– 25 iyun 2019, Bakı) — nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmlər namizədi (1972), Ermənistan SSR əməkdar jurnalisti (1971), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib.
1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti — "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir.
1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Erməniostan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü medafiə komitəsinin Mərkəzi Şurasının üzvü olmuşdur.
1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmaçı, Milli Münasibətlər İnstitutunda işləyir. AMEA-nın Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib. 1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Azərbaycan və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri olub. 1957-ci ildən ədəbi yaradıcılığa başlamış publisitin hekayə, oçerk, publisist yazıları dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunur.
Rus və ermənicədən Azərbaycan dilinə çevirdiyi A. Gelmanın "Tək-təkinə hamı ilə", "Aləmlə üz-üzə" Yucin Onilin "Qarağaclar altında məhəbbət", P. Pançevin "Əkizlər", Ə. Əbubəkrin "Şuburumda dava-dalaş", Q. Sundukyanın "Daha bir qurban", Q. Boryan "Bir damın altında" səhnə əsərləri öz dilimizə çevrilmiş, bəziləri C. Cabbarlı adına İrəvan Dövlət Teatrında tamaşaya qoyulmuşdur.
Azərbaycanlıların yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifi olan nasirin "Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb.
Azərbaycanlıların soyqırımı haqqında Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib.
26 avqust 1971-ci il. Zəngəzur mahalı, Mığrı (Meğri) bölgəsi, Lök kəndi
Hərbi qulluqçu, Tibb xidməti polkovniki, tibb işçisi
Mehriban Tofiq qızı Quliyeva, 26 avqust 1971-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Həkim və tibb xidməti polkovnikidir, uzun illərini Daxili İşlər Nazirliyinin (DIN) Daxili Qoşunlarında və Müdafiə Nazirliyində sağlamlıq sahəsində çalışaraq keçirib. Mehriban xanımın həyat yolu öz işinə olan böyük sevgisi, insanlara xidmət etməyə olan səmimi yanaşması və yüksək peşəkarlığı ilə tanınır.
1988-ci ildə Bakı şəhərində 20 saylı tam orta məktəbi bitirən Mehriban, 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini, 2010-cu ildə isə Türkiyənin Gülxana Tibb Akademiyasını başa vurub. Həkim olaraq fəaliyyətə başladığı ilk illərdə Daxili Qoşunların hərbi hospitalında xidmət etmiş, bir çox müvafiq ixtisasartırma kurslarında iştirak etmişdir. 1994-2014-cü illərdə bu hospitalın reanimasiya şöbəsində baş ordinator və əməliyyat blokunun rəisi vəzifələrində çalışıb, 2014-2021-ci illərdə isə Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsində müxtəlif yüksək vəzifələrdə olub.
Mehriban xanım həm Daxili İşlər Nazirliyində, həm də Müdafiə Nazirliyində işlədiyi müddət ərzində Azərbaycan Respublikasının qanunlarına və hərbi nizamnamələrə uyğun olaraq xidmət etmiş, Hippokrat andına sadiq qalaraq hərbi qulluqçuların sağlamlığını təmin etmək üçün yorulmadan çalışmışdır. Onun bu sahədəki fəaliyyəti həm döyüş, həm də ictimai-siyasi hazırlıqda yüksək nəticələrə gətirib çıxarmışdır.
Mehriban xanımın peşəkar xidmətləri və hərbi sahədəki əla nəticələri çoxsaylı mükafatlarla qiymətləndirilmişdir. O, "Qüsursuz xidmətə görə" medalları, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı və bir çox yubiley medalları ilə təltif edilib.