Qardaşlıqdan Qayıdışa — Mığrı Rayon İcmasının mövqeyi

Gallery Image 1

Azərbaycan ilə Özbəkistan arasında əsrlərin sınağından keçmiş qardaşlıq, dostluq və qarşılıqlı etimad münasibətləri bu gün yeni məzmun və böyük tarixi əhəmiyyət qazanaraq daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanda keçirilən təltifolunma mərasimində səsləndirdiyi fikirlər bu qardaşlığın mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpasında Azərbaycana dünyada ilk dəstək göstərən ölkə Özbəkistan olmuşdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, xalqımıza və Qarabağın dirçəldilməsinə göstərdiyi səmimi münasibət və əməli dəstək iki qardaş xalq arasındakı münasibətlərin nə qədər möhkəm və etibarlı olduğunu nümayiş etdirir. Qarabağ bu gün Azərbaycan xalqının iradəsi, dövlətimizin gücü və dost ölkələrin mənəvi və əməli dəstəyi ilə yenidən qurulur. İşğaldan azad edilmiş ərazilərdə şəhərlər, kəndlər, məktəblər, yollar, məscidlər və digər sosial obyektlər bərpa edilir, həyat yenidən canlanır. Bu böyük quruculuq prosesində Özbəkistanın xüsusi yeri və qardaş dəstəyi Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndiriləcək. Mığrı Rayon İcması olaraq inanırıq ki, bu qardaşlıq və həmrəylik yalnız Qarabağın deyil, Azərbaycanın tarixi torpaqlarına qayıdışımız yolunda da mühüm mənəvi dayaq olacaqdır. Bizim üçün Qarabağın Böyük Qayıdışı necə tarixi bir amal və dövlət siyasətinin mühüm istiqamətidirsə, Qərbi Azərbaycana, o cümlədən qədim Mığrı mahalına, Nüvədi, Aldərə, Lehvaz, Tuğut və digər dədə-baba yurdlarımıza qayıdış da xalqımızın haqqı, tarixi ədalətin bərpası və gələcək nəsillər qarşısında mənəvi borcumuzdur. Biz inanırıq ki, Azərbaycan xalqının sülh yolu ilə öz tarixi torpaqlarına qayıdışı reallaşacağı gün qardaş Özbəkistanın və digər dost və qardaş dövlətlərin xalqımızın yanında olması, bu böyük humanitar və quruculuq prosesinə öz töhfələrini verməsi tamamilə təbii və gözəl bir həmrəylik nümunəsi olacaqdır. Qarabağın bərpasında göstərilən ilk qardaş dəstəyi bizə onu deməyə əsas verir ki, gələcəkdə Qərbi Azərbaycana, Mığrı mahalına qayıdışımız da təkcə bir xalqın deyil, ədalətə, sülhə və insan hüquqlarına inanan bütün dost və qardaş xalqların dəstəyi ilə daha möhkəm və daha inamlı şəkildə həyata keçirilə bilər. Biz arzu edirik ki, bir gün Mığrının qədim küçələrində, Nüvədi kəndinin yurd yerlərində, Arazın sahillərində Azərbaycan bayrağının dalğalandığı, insanların öz doğma evlərinə qayıtdığı, məktəblərin, məscidlərin, mədəniyyət ocaqlarının yenidən fəaliyyət göstərdiyi tarixi günləri birlikdə görək. Həmin gün bizim üçün yalnız bir qayıdış deyil, ədalətin zəfəri, tarixi yaddaşın bərpası və gələcəyə açılan yeni bir səhifə olacaqdır. Mığrı Rayon İcması olaraq Azərbaycan–Özbəkistan qardaşlığını yüksək qiymətləndirir, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xalqlarımız arasında dostluq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini təqdir edirik. İnanırıq ki, bu gün Qarabağın dirçəlişində özünü göstərən qardaşlıq ruhu sabah Qərbi Azərbaycanın tarixi yurdlarına qayıdışımız prosesində də öz əksini tapacaqdır. Qarabağda başlayan Böyük Qayıdışın işığı Qərbi Azərbaycanın tarixi yurdlarına da yayılacaqdır. Mığrı Rayon İcması olaraq bizim inamımız budur: Dədə-baba yurdlarımıza qayıdış mümkündür, qaçılmazdır və bu yolda Azərbaycanın dostları və qardaşları da xalqımızın yanında olacaqdır. Qardaşlıq varsa — ümid var. Ümid varsa — qayıdış var. Qayıdış varsa — tarixi ədalət bərpa olunacaq!

  • Slide 2
  • Slide 2
Məqaləni paylaş:
Nüvədi icma haqqında məlumatlar
Aldərə icma haqqında məlumatlar
Lehvaz icma haqqında məlumatlar
Lök icma haqqında məlumatlar
Maralzəmi icma haqqında məlumatlar
Mığrı şəhəri icma haqqında məlumatlar
Tuğut icma haqqında məlumatlar
Əkərək icma haqqında məlumatlar