Anım Tədbirinin Geniş Hesabat Mətni** Tarix: 29 noyabr 2025 Saat: 14:00 Məkan: Bakı Sağlamlıq Mərkəzi Təşkilatçılar: Mığrı (Meğri) Rayon İcması və kənd icmaları 1988-ci ilin soyuq payız günlərində Mığrı rayonunun Lehvaz, Lök, Maralzəmi, Aldərə, Mığrı şəhəri və Əkərək kəndlərinin dinc sakinləri erməni silahlı dəstələrinin təzyiqi və zorakılığı nəticəsində öz əzəli-əbədi dədə-baba yurdlarından zorla deportasiya edildilər. Minlərlə insan yurd-yuvasını itirərək bir neçə ay ərzində Nüvədi kəndində sığınmağa məcbur oldu. Bu ağır faciədən 37 il keçməsinə baxmayaraq, o günlərin ağrısı, həsrəti və sakinlərimizin yaşadıqları iztirablar yaddaşlardan silinmir. Bu tarixi hadisənin 37-ci ildönümü münasibətilə “O Gün Ayrıldıq… Bu Gün Xatırlayırıq və Qayıdacağıq – 1988-ci ilin Soyuq Payızının Xatirəsi” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Millət vəkili Əziz Ələkbərli, Mığrı Rayon İcmasının sədri, akademik Fikrət Əliyev, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Musa Musayev, eləcə də kənd ağsaqqalları, ziyalılar, tədbirin şahidləri və Mığrı elinin müxtəlif bölgələrindən olan sakinlər iştirak etmişlər. Çıxış edənlər 1988-ci ilin deportasiyasının Azərbaycan xalqının taleyində açdığı dərin yaralardan, Mığrı elinin yaşadığı ağır sınaqlardan danışmış, yurd həsrətinin bu illər ərzində necə bir ömür yanğısına çevrildiyini vurğulamışlar. Natiqlər qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Qərbi Azərbaycana Qayıdış prosesi tarixi reallığa çevrilməkdədir. Bu gün dövlətimiz tərəfindən görülən tədbirlər, regionda yaranmış yeni geopolitik vəziyyət sülh müqaviləsinin imzalanmasına və xalqımızın dədə-baba torpaqlarına qayıdışına böyük ümid yaratmışdır. Tədbir çərçivəsində deportasiyadan öncə Mığrı rayonunda və kəndlərimizdəki həyatımızı əks etdirən foto xronika nümayiş etdirilmiş, kəndlərin hər daşı, hər cığırı, hər nəfəsi bir daha xatirələrdə canlanmışdır. Bu görüntülər tədbir iştirakçılarını duyğulandırmış, unudulmaz illərin izlərini yenidən göz önünə gətirmişdir. Sonda tədbirin yüksək səviyyədə təşkilinə göstərilən diqqət və dəstəyə görə Bakı Sağlamlıq Mərkəzinin İdarə Heyətinə, işçi və inzibati kollektivinə Mığrı icmasının rəhbərliyi və sakinləri adından dərin minnətdarlıq ifadə olundu. Xüsusi olaraq Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Asiman Həsənovun bu işdə göstərdiyi təşkilati dəstək minnətdarlıqla qeyd edildi. Bu kimi tədbirlər Mığrı elinin birliyini, yaddaşını və tarixi ədalət uğrunda mübarizə əzmini daha da gücləndirir. İnanırıq ki, yaxın zamanda xalqımız öz doğma yurdlarına — Mığrıya, Lehvaza, Lökə, Maralzəmiyə, Aldərəyə, Əkərəyə və bütün dədə-baba torpaqlarına qayıdacaqdır.