Qərbi Azərbaycan TV kanalında Mığrı rayonunun Nüvədi kəndinin zəngin mədəni irsinə, qədim mətbəxinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş veriliş yayımlanıb.
Verilişdə Nüvədi kəndinin tarixi, qəhrəmanlıq ənənələri, şəhidlərinin əziz xatirəsi və kənd sakinlərinin doğma yurda bağlılığı geniş işıqlandırılıb.
Proqram çərçivəsində Nüvədi mətbəxinə xas olan ənənəvi təamlar, o cümlədən müxtəlif dolma növləri, yerli bitkilərdən hazırlanan yeməklər və xüsusi üsulla hazırlanan pendir mayası haqqında ətraflı məlumat verilib. Kəndin qədim kulinariya ənənələrinin nəsildən-nəslə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Veriliş iştirakçıları Nüvədi kəndinin təhsil və ziyalılıq ənənələrindən, sakinlərinin zəngin mənəvi dünyasından və milli kimliyə bağlılığından bəhs ediblər. Kənd ağsaqqalları və qonaqlar doğma yurdun adət-ənənələrinin qorunmasının vacibliyini qeyd edərək, tarixi torpaqlara qayıdış ümidlərini ifadə ediblər.
Veriliş Nüvədi kəndinin qədim süfrə mədəniyyətini, zəngin irsini və sakinlərinin doğma yurda olan sarsılmaz bağlılığını əks etdirib.