Mığrı Rayon İcmasında “Mənəviyyatımızın Zirvəsi – Ramazan” adlı onlayn görüş keçirildi
21 fevral tarixində Mığrı rayon İcmasının təşəbbüsü ilə Tiems tətbiqi üzərindən “Mənəviyyatımızın Zirvəsi – Ramazan” adlı onlayn görüş təşkil olundu. Tədbirdə Mığrı rayon İcmasının İdarə Heyətinin üzvləri, kənd icma sədrləri, qadınlar və gənclər üzrə məsul şəxslər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Mığrı rayon İcmasının sədri Fikrət Əliyev Ramazan ayının mənəvi dəyərlərindən geniş bəhs etdi. O qeyd etdi ki, Ramazan ayı yalnız oruc ibadəti deyil, həm də mərhəmət, paylaşma, birlik və həmrəylik ayıdır. Sədr xüsusilə vurğuladı ki, el-obamızın birliyi, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi məhz belə mühitlərdə formalaşır və möhkəmlənir.
Çıxış edən kənd icma sədrləri Ramazan ayının insanları bir araya gətirən, qarşılıqlı anlayış və yardımlaşmanı gücləndirən bir məktəb olduğunu bildirdilər. Qadınlar üzrə məsul şəxslər ailə institutunun möhkəmlənməsində, uşaqlara milli və dini-mənəvi dəyərlərin aşılanmasında Ramazanın rolundan danışdılar. Gənclər üzrə məsul şəxslər isə bu cür maarifləndirici və mənəvi yönümlü tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, gənclərin milli köklərə bağlı, mənəvi baxımdan zəngin və məsuliyyətli yetişməsinin əhəmiyyətini qeyd etdilər.
Görüş zamanı iştirakçılar arasında səmimi fikir mübadiləsi aparıldı, Ramazan ayının icma daxilində daha geniş şəkildə yaşadılması, ehtiyacı olan ailələrin diqqətdə saxlanılması və birgə təşəbbüslərin artırılması istiqamətində təkliflər səsləndirildi.
Tədbirin sonunda bildirildi ki, bu cür görüşlərin mütəmadi təşkil olunması icma üzvləri arasında əlaqələrin möhkəmlənməsinə, həmrəyliyin daha da güclənməsinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfə verəcəkdir.
Mığrı rayon İcmasının rəhbərliyi tədbirdə iştirak edən bütün üzvlərə təşəkkürünü bildirərək, Ramazan ayının hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq gətirməsini arzuladı.
Əlavə şəkillər